Fəttah Heydərov: "Münaqişələri həmrəyliklə həll etmək lazımdır"
Respublika Ağsaqqallar Şurasının 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında Ali Attestasiya Komissiyasının mərhum sədri Arif Mehdiyev və vəfat etmiş digər ziyalıların xatirəsi yad olunub.
APA TV-nin xəbərinə görə, tədbiri giriş nitqi ilə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov açıb. Tədbirdə Şura üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə, millət vəkilləri və alimlər iştirak ediblər.
Əvvəlcə Respublika Ağsaqqallar Şurasının 2016-cı ilin yekunlarına dair hesabatı dinlənilib. Hesabatda bildirilib ki, ötən il Respublika Ağsaqqallar Şurası ölkənin ictimai, siyasi həyatında yaxından iştirak edib, paytaxt və bölgələrdə geniş tədbirlər keçirib.
Millət vəkili Əhliman Əmiraslanov Şuranın fəaliyyətini yüksək qiymətləndirib: "Fəttah müəllim sədr olandan sonra Şuranın fəaliyyəti xeyli aktivləşib, genişlənib. Artıq biz Türkdilli Ölkələrin Ağsaqqallar Şurasının üzvü olmuşuq".
QMİ sədri A.Paşazadə bildirib ki, Respublika Ağsaqqallar Şurasının iclasında iştirak onun üçün fəxrdir. "Fəttah müəllim sədr olandan sonra Şuranın fəaliyyətində böyük dəyişikliklər baş verib. Fəttah müəllim həm cəmiyyət, həm də ağsaqqallar tərəfindən qəbul olunur" deyə o qeyd edib.
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə deyib ki, 2016-cı il Azərbaycan dövləti üçün əlamətdar və uğurlu il olub: "Ümummilli lider Heydər Əliyev bir yol yaratdı, biz bu yolla gedirik. İlham Əliyev tərəfindən Heydər Əliyevin təməlini qoyduğu siyasət uğurla davam etdirilir. 2017-ci il "İslam Həmrəyliyi ili" elan olunub. Cənab prezident 2017-ci ili "İslam Həmrəylik İli" elan etməklə, bir nümunə olaraq qlobal mənada insanları düşündürən məsələnin həllinə böyük işıq saçıb. Bu yol çox uğurlu yoldur. İdman oyunlarında iştirak edənlər bir həmrəylik göstərəcəklər. Qaliblər və məğlublar sonda qucaqlaşacaqlar. Bu bir nümunədir. Münaqişələri qan tökməklə yox, sülh yolu ilə, həmrəyliklə həll etmək lazımdır. Həmrəy olmaqla gələcəkdə baş verə biləcək fəlakətlərdən xilas olmaq mümkündür".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı