Mogerini: "ABŞ-ı heç vaxt bu vəziyyətdə görməmişik"

"ABŞ böyük riskə gedir, onlar dünya liderliyini itirə bilər". APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Aİ-nin xarici əlaqələr üzrə komissarı Federika Mogerini çıxış edib.


Vaşinqtonda səfərdə olan diplomat bildirib ki, ABŞ-ı heç vaxt belə qütbləşmiş, münaqişələrə hazır vəziyyətdə görməyib: "Əgər kimsə dünyada lider rolunda çıxış etmək istəyirsə, onun daxili gücü, özgüvəni və möhkəmliyi olmalıdır. ABŞ-da hazırda baş verənlər bütün dünya üçün narahatlıq doğurur", - deyə o qeyd edib.


ABŞ-Aİ münasibətlərinə də toxunan Mogerini yeni dönəmə keçidin müsbət nəticələrə gətirib çıxaracağına ümid etdiyini deyib: "Biz hər şeyi müzakirə edəcəyik, bütün suallara cavab axtaracağıq. Çünki maraqlarımızın harada toqquşduğunu öyrənməliyik. Bunu dramatikləşdirməyə isə lüzum görmürəm".

 

Xatırladaq ki, bu həftə ABŞ-ın bir neçə yüksək vəzifəli şəxsi Avropaya səfər edəcək.
Fevralın 15-də Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin iclası keçiriləcək. Bu tədbirdə Pentaqon rəhbəri Ceyms Mettis ilk dəfə iştirak edəcək.


Bundan əlavə, ABŞ-ın dövlət katibi Reks Tillerson "G20"nin xarici işlər nazirlərinin Bonn sammitinə, vitse-prezident Mayk Pens isə Münhendə təhlükəsizlik konfransına qatılacaq.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR