Arif Rəhimzadədən nazir müavininə etiraz: "Belə olmaz!"

Milli Məclisdə bələdiyyələrin nöqsanları açıqlanıb. APA TV-nin məlumatına görə, parlamentin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib.  

 

Məruzədə qeyd edilib ki, 2016-cı ildə də bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, inzibati nəzarət istiqamətində bələdiyyələrlə xeyli iş aparılıb, lazımı metodiki və hüquqi dəstək göstərilib.

 

2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı işini vətəndaşların müraciəti və bələdiyyə aktlarının ekspertizası üzrə qurub. Ümumilikdə il ərzində mərkəzə 2320 müraciət daxil olub: "Həmin müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Məlum olub ki, bu müraciətlərin bir hissəsi vətəndaşların öz aralarında yaranan torpaq mübahisələri ilə bağlıdır. Daxil olan müraciətlərin 126-sı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb, 9 fakt üzrə xırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb".

 

Həmin nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə tövsiyələr verilib: "Müraciətlər üzrə 18 fakt üzrə ciddi pozuntu aşkarlanıb və bu barədə materiallara hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Bütövlükdə il ərzində istintaq orqanlarına 58 material göndərilib".

 

Milli Məclisin komitə sədri Arif Rəhimzadə nazir müavininin məruzəsinə etiraz bildirib. A.Rəhimzadə Regional məsələlər komitəsinin iclasında illik məruzə ilə təkliflərin verildiyini, bəzi tənqidlərin olduğunu xatırladıb: “Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb. Belə olmaz! Bəs Komitə iclasını niyə keçirirdik?”

 

Nazir müavini Vilayət Zahirovun A.Rəhimzadənin dediklərinə münasibəti belə olub: “İllik məruzə ilə bağlı iradlar və təkliflər bildirilib. Bunların hamısını qeyd etmişik və üzərində təhlil aparılır. Verilən təkliflərə tez bir zamanda baxmaq mümkünsüz idi. Bütün təkliflərə baxılacaq və gələcək fəaliyyətdə nəzərə alınacaq”.

 

Məruzə səsə qoyularaq qəbul olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR