Səməd Seyidov: "Ermənistan Azərbaycanın quberniyası olsun!"
Azərbaycan Milli Məclisinin yaz sessiyasının ikinci plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələ daxil olub.
Bunlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın İllik Məruzəsi, İnzibati Xətalar Məcəlləsinə, Meşə Məcəlləsinə dəyişiklik, o cümlədən yeni hazırlanan "Hərbi vəziyyət haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanun layihələridir.
Parlamentarlar əvvəlcə cari məsələlərin müzakirəsinə diqqət çəkiblər. Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər Milli Məclisin iclasında tənqid olunub.
Fransanın mövqeyini pisləyən deputat Azay Quliyev vurğulayıb ki, bu yolverilməzdir: “Ən azından Fransaya etiraz notası göndərilməlidir. Bizim Xarici İşlər Nazirliyi məsələyə adekvat cavab verməlidir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Fransua Ollandın çıxışı tam mətndə verilməyib: “Bəzi mətbuat orqanları erməni mediasından götürüb çıxışı veriblər. Ermənilər isə o çıxışı təhrif ediblər. Ancaq sizinlə razıyam ki, Madrid prinsiplərinə istinad edərək deyib ki, xalqlar öz müqəddəratını təyin etməlidir”.
İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya Dövlət Dumasında Liberal Demokrat fraksiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıqlamalarına münasibət bildirib.
S.Seyidov bildirib ki, V.Jirinovskinin Azərbaycanın Bakı quberniyası formasında Rusiyanın tərkibində olması barədə bəyanatı yolverilməzdir: "Heç olmasa bu bəyanatı Xocalı soyqırımının 25 illiyi ərəfəsində verməzdi, utanardı. Mən bu bəyanata sakit yanaşa bilmərəm. O ki qaldı Azərbaycanın quberniya olması məsələsinə, əslində İrəvan bu statusa daha çox uyğun gəlir. Çünki Ermənistan həmişə quberniya olub. Təklif edirəm ki, Ermənistan Azərbaycanın quberniyası olsun, çünki qondarma dövlətdir, Azərbaycan ərazisində yaradılıb".
S.Seyidov çıxışını rus dilində Rusiya vətəndaşlarına və Azərbaycandakı ruslara müraciətlə yekunlaşdırıb: “Mənim əziz dostlarım! Dahi rus şairi Puşkinin bir fikrini yada salmaq istəyirəm: “İmperiya böyük ruhlu bir hiss olsa da, rədd olsun imperiya və onun bəlaları!”
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Şahin Mirzəyevin Ermənistandan sığınacaq istəməsinə münasibət bildirib: “Yadınızdadırsa, Milli Şura adlı bir dərnək var, bu adam oranın üzvüdür. O, Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində Milli Şuranı dəstəkləyib, indi də Ermənistandan sığınacaq alıb. Kimlərin satqın olduğu aydın görünür”.
Əli Məsimli isə son dövrlər manatın dollara nisbətdə mövqeyinin möhkəmlənməsinə baxmayaraq, ölkədə qiymət artımının davam etdiyinə diqqət çəkib. Onunn sözlərinə görə, yumurtadan başqa digər bütün istehlak məhsullarının qiymətində artım müşahidə olunur.
Deputat Fərəc Quliyev də çıxışında həmkarını dəstəkləyib, bunun sosial partlayışa gətirib çıxara biləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı