Bir ailəni məhv edən qəza - ŞİKAYƏT
2015-ci il oktyabrın 5-də saat 18:00 radələrində Zığ şosesi Xəyal adaları adlanan ərazidə "Azərsun Holding" şirkətinin balansında olan "Mitsubishi L-200" markalı pikap avtomobil aşır. Nəticədə salonda və maşının yük yerində olan 8 nəfərdən 2-si hadisə yerində ölür, digər 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alır. Məlum olur ki, hadisə zamanı ölən və xəsarət alan şəxslərin hamısı "Azərsun Holding"in nəzdində olan "Yavuz Elektrik"in əməkdaşlarıdır.
Dünyasını dəyişənlərdən biri də Hüseynov Məhəmməd Hafiz oğlu idi. Mərhumun dayısı Musa İsmayılov məhkəmənin ədalətli qərar verəcəklərini gözlədiklərini desə də, bunun baş vermədiyini bildirir. O, hesab edir ki, maşını idarə edən Rəsulov Cavid Nizami oğluna 2 və daha artıq şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətdiyinə görə verilən 8 il cəza çox azdır. Halbuki dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində 11 il cəza istəmişdi. Onları daha çox narahat edən məsələ isə əks tərəfin bu qərardan belə narazı olub Apellyasiya Məhkəməsinə şikayət etməsidir.
Musa İsmayılov deyir ki, bu gün mərhum Məhəmmədin 2 uşağı yetim qalıb, atası bu dərdə dözməyərək dünyasını dəyişib, həyat yoldaşı isə uşaqları götürüb ata evinə qayıdıb. Bir sözlə, ailə bir məsuliyyətsiz sürücünün ucbatından tamamilə dağılıb: "Mərhumun atası bu problemlərə dözə bilmədi, ürək-damar sistemində problemləri yarandı. Dəfələrlə xəstəxanalarda yatıb. Baş verən hadisənin onun səhhətinə birbaşa təsiri vardı. Hadisəni eşidən günün səhərisi xəstəxanaya düşdü. Oğlunun üçü və yeddisində iştirak edə bilmədi. 3-4 gün bundan qabaq isə öldü".
Zərərçəkən şəxsin ailəsini bu gün narahat edən əsas məsələ isə təqsirləndirilən şəxsin ailə üzvlərinin bu vaxta qədər onlara baş çəkməməsidir: "Heç bir qohumu, yaxını başsağlığına gəlmədi və dəfn mərasimində iştirak etmədilər. Ailə üzvlərinə, uşaqlarına heç bir başsağlığı verilmədi. Biz hesab edirik ki, bu, müsəlmançılıqda yolverilməz bir hadisədir. Lakin şirkət nümayəndələri iştirak etdilər və bütün dəfn xərclərini öz boyunlarına götürdülər".
Hazırda Məhəmməd Hüseynovun 2 uşağını "Azərsun Holding" yetkinlik yaşına çatana qədər himayəyə götürüb və onlara aylıq müavinət kəsilib. Bundan başqa, mərhumun ölümündən sonra şirkət 15 min manat ailə sığortası ödəyib. Apellyasiya Məhkəməsində isə Hüseynovlar ailəsindən heç kim iştirak etməyəcək. Ailə yalnız məhkəmədən ədalətli qərar, təqsirləndirilən şəxsin ailəsindən isə başsağlığı gözləyir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı