Göyçayda ovçulara çaqqal və canavarlara atəş açmaq icazəsi verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göyçay rayonunda canavarların kəndlərə tez-tez hücum edərək xırda buynuzlu heyvanları tələf etməsi ilə bağlı monitorinq keçirib.

 

 APA TV-nin yerli bürosunun xəbərinə görə, canavarlar tərəfindən ziyan çəkən yerli sakinlərinin müraciəti əsasında ekologiya işçilərinin, kənd icra nümayəndəliyinin və təcrübəli ovçuların iştirakı ilə monitorinq qrupları yaradılıb, kəndlərdə yerli sakinlərlə görüş keçirilib, onların müraciətləri dinlənilib.

 

Maarifləndirmə işləri zamanı kəndlilərə və ovçulara məlumat verilib ki, canavarları ovlamaq qanunla qadağandır. Lakin bu vəhşi heyvanlar həyətyanı sahələrə soxularaq insanlara və ev heyvanlarına həyati təhlükə yaradarsa, o zaman onları öldürmək olar.

 

Sakinlərin sözlərinə görə, xırda buynuzlu heyvanlar və ev quşları həm də çaqqalların hücumuna məruz qalır. 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları lisenziyası olan ovçular tərəfindən çaqqalların ilboyu öldürülməsinə icazə verildiyini bildiriblər.

 

Sonra rayonun Ləkçiplaq və Çaxırlı kəndlərinin çöl ərazisində, canavarların yaşadığı qamış və kol-koslu sahələrdə monitorinq təşkil olunub, onların yuvaları aşkar edilib, yırtıcıları öldürməmək şərti ilə onları qorxudaraq ərazidən uzaqlaşdırmaq üçün ov tüfənglərindən havaya bir neçə dəfə atəş açılıb. Ovçulara bildirilib ki, axşam və gecə saatlarında kənd ətrafına toplaşan canavarların aqressivləşərək qışqırıq səsləri çıxaran vaxtında onları yalnız qorxudaraq yaşayış məskənindən uzaqlaşdırılması üçün ov tüfəngindən havaya atəş açılmasına icazə var. Bunu lisenziyası olan və monitorinq qrupuna daxil olan təcrübəli ovçular həyata keçirə bilər.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR