Abşeronda daha bir yol yenidən qurulur

Uzun müddətdir təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış və deformasiyaya uğramış Abşeron rayonu Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

 

APA TV-nin xəbərinə görə, eni 6-10 metr arası dəyişən, uzunluğu 8.8 km olan yolun bərpasına Digah qəsəbəsindən başlanılıb.

 

Bərpa işləri zamanı piyadalar nəzərə alınaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5-2 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

 

Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

 

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Qeyd edək ki, yol 3 yaşayış məntəqəsindən keçməklə 22 min nəfər əhalinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Onların istər şəhər mərkəzinə doğru, istərsə də Hava limanı və digər Bakı qəsəbələrinə doğru çıxışını asanlaşdıracaq.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR