Rəsulzadənin Stalini gizlətdiyi məscid uçulur - REPORTAJ

Kadrlarda qalıqlarını gördüyünüz tarixi abidə təqribən 1750-ci ilə aid olan və Bakının Novxanı kəndində yerləşən "Şah Sultan Hüseyn" məscididir. Doğrusu, məscidin vəziyyəti barədə məlumat alanda beləsini təsəvvürümüzə belə gətirməmişdik. Amma necə deyərlər, təsəvvür etdiklərimiz bu görüntülər qarşısında heç nədir.

 

Bu tikilinin inşa tarixi də maraqlıdır. Arxiv sənədlərinə görə, Səfəvi hökmdarlarından Şah Süleyman 1694-cü ilin 27 iyul tarixində İsfahanda vəfat edir. Doqquz gün sonra, yəni 6 avqust 1694-cü ildə oğlu Şah Sultan Hüseyn 26 yaşında şahlıq taxtına çıxır. Məhz Şah Sultan Hüseynin göstərişi ilə indiki Novxanı ərazisində Şah Sultan Hüseyn məscidi inşa edilir.

 

Məscidlə bağlı daha bir acınacaqlı məqam rütubət çökmüş, uçub-dağılmış divarlarında onun tarixi abidə olduğunu, dövlət tərəfindən qorunduğunu əks etdirən hər hansı bir lövhənin olmamasıdır. Yalnız primitiv qaydada hazırlanan "Şah Sultan Hüseyn məscidi" yazısı var ki, onu da kənd sakinləri yazıb. Hər daşının bir tarix olduğu bu abidənin restavrasiyaya ehtiyacı olduğunu görmək üçün nə tarixçi, nə də memar olmağa ehtiyac var.

 

Məscidin imdad diləyən uçmuş divarları, tarixin neçə-neçə gizli sirlərini özündə saxlayan lal daşlar bu ərazidən keçənləri biganə qoya bilməz. Gözümüzdən qaçmayan daha bir məqam məscidin daxili divarında yenə də tarixə etinasız qalmayan sakinlərin yazdığı "Diqqət! Abidə çökmək üzrədir! Təmir edilsin!" xəbərdarlıq idi.

 

"Şah Sultan Hüseyn" məscidinin daha bir tarixi əhəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin İosif Stalini iki dəfə ölümdən xilas edərək, məhz bu məsciddə gizlətməsindədir.

 

Deyilənə görə, o vaxtlar Stalin Balaxanı neft mədənlərində çalışan fəhlələr arasında milyonçuların əleyhinə təbliğat aparırmış. Bu xəbər milyonçuların ətrafında gəzən "qoçulara" çatır, onlar isə Stalini tutub quyuya salmaq istəyir. Bu zaman kənd sakinləri bu barədə Məhəmməd Əmin Rəsulzadəni məlumatlandırır. Stalini qoçulardan xilas edən Rəsulzadə onu Novxanıdakı bağ evinə gətirir. Evdə qadınların toplaşdığını görən böyük öndər onu məhz bu məsciddə gizlətmək qərarına gəlir. Beləcə, "qoçular" Stalini tapa bilmir, sonradan isə təhlükə sovuşur. Bir vaxtlar SSRİ rəhbərlərindən birini ölümdən qurtaran bu memarlıq abidəsinin özünü isə hələ ki xilas edən tapılmır.

 

Əgər "Şah Sultan Hüseyn" məscidini dağılmaq təhlükəsindən qurtaran olmazsa, çox güman ki, tezliklə onun barəsində keçmiş zamanda danışılacaq.

 

Baxımsızlıqdan məhv olmaq təhlükəsi ilə üzləşən daha bir tarixi abidə kəndin "Hacı Səfəralı" hamamıdır. Tikintisi 1907-ci ildə başa çatan bu unikal abidə o vaxtdan bu günədək təmir edilməyib, nəticəsi isə göz önündədir.

 

Kəndin yaşlı sakinlərindən Əziz Hacıbala oğlu bu hamamın inşası tarixindən danışır. Deyir ki, Novxanıda hamamın olmaması sakinlər üçün bir sıra çətinliklər yaradıb. O zaman kənd sakini Hacı Səfəralı iki şəriki ilə birlikdə Novxanıda hamam tikmək qərarına gəlir və şiələr üçün müqəddəs sayılan Həzrəti Abbası özlərinə şərik elan edir. Belə ki, onun payına düşən 25 faiz gəlir "Şah Sultan Hüseyn" məscidinə sərf olunmaq üçün müntəzəm olaraq kəndin mollasına təhvil verilir: "Özümə hamamda ləzzət eləyib. Boxçamı götürüb həmişə hamama gəlmişəm. O ləzzət indi də mənim başımdan çıxmır".

 

Əziz kişi deyir ki, "Sah Sultan Hüseyn" məscidi kimi, "Hacı Səfəralı" hamamının da durumu ilə bağlı istər kənd icra nümayəndəliyi, istərsə də bələdiyyəyə məlumat veriblər. Lakin nədənsə tarixi abidələrin qorunmasına cavabdeh qurumlar yollarını Novxanıdan sala bilməyib. Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Zakir Sultanov isə bildirir ki, qurumun büdcəsində həmin abidələrin bərpası üçün kifayət qədər vəsait yoxdur.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR