Türk ordusuna əmr verildi: 3 gün içində bitirin!

Suriyanın şimalında davam edən "Fərat qalxanı" əməliyyatı çərçivəsində türk ordusunun yüksək çinli zabitləri ilə Suriya silahlı müxalifətinin komandanlığı bir araya gəlib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar Türkiyə Silahlı Qüvvələri tərəfindən verilən Əl-Babın 3 gün içində İŞİD-dən təmizlənməsi əmrini müzakirə ediblər.


"Fərat qalxanı" əməliyyatının 171, Əl-Baba hücumun 64-cü günündə şəhərə hücum planının dəyişdiyi məlum olub. Buna səbəb İŞİD-in əldən verdiyi iki yüksəklikdən şəhərə aparan yollara çoxlu mina döşədiyinin məlum olmasıdır.


Bu arada Əsəd qüvvələrinin və PYD-nin də Əl-Baba yaxınlaşdığı məlum olub. Azad Suriya Ordusuna xüsusilə PYD-yə qarşı diqqətli olmaq, onların Əl-Baba girməsinin qarşısını almaq təlimatı verilib. Müxaliflərin komandanlığından PYD-nin Əl-Baba daxil olmasına imkan verilməyəcəyi bildirilib.


Xatırladaq ki, Ankaranın PKK-nın qanadı hesab etdiyi PYD Əl-Babı ələ keçirərək Menbiç-Afrin yolunu nəzarətə götürmək istəyir. Bu, Türkiyənin bölgədə başlatdığı "Fərat qalxanı" əməliyyatına ziddir. Türk Silahlı Qüvvələrinin dəstək verdiyi Suriya müxalifətinin isə Əl-Babdan sonra hazırda PYD-nin əlində olan Menbiçə doğru irəliləmək planı var.


Bu arada Türkiyə "F-16"ları Əl-Bab səmasında uçuşlar həyata keçirib, hücuma hazırlaşan əsgərləri salamlayıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR