Hacıqabulda qadına qarşı quldurluq edən tutuldu

Hacıqabul sakininə qarşı quldurluq edən şəxs saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini Cavadova Fərqanə Gülağa qızına qarşı quldurluq hadisəsi törədilib. Qadın Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, fevralın 8-də axşam saatlarında Heydər Əliyev prospekti ilə piyada gedərkən arxadan yaxınlaşan naməlum şəxs başına və bədəninə zərbələr endirib. Daha sonra həmin şəxs içərisində 85 manat pul, 300 manat dəyəri olan mobil telefon, rəsmi sənədlər və bank kartı olan əl çantasını ələ keçirərək hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 1990-cı il təvəllüdlü Mehman Nəcəfov saxlanılıb.

 

Qeyd edək ki, Fərqanə Cavadova Hacıqabul mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışır. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR