Göyçayda itkin düşən qız tapıldı: “Məni axtarmayın, sevdiyimlə qaçmışam”

Göyçayda itkin düşdüyü bildirilən gənc qız Ağdaş rayonunda tapılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçayın Veysəlli kənd sakini, 1996-cı il təvəllüdlü Nəzərova Sevinc Mürsəl qızı 4 gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri onun tapılması üçün tədbirlər görsə də, nəticəsi olmayıb.

 

Sevinc Nəzərova anasına zəng edərək ailə qurmaq məqsədilə sevdiyi oğlana - Ağdaşın Xosrov kənd sakini, 1995-ci il təvəllüdlü Hüseyn Əlizadəyə qoşularaq evdən getdiyini bildirib. İndi onların harada yaşadığı məlum olmasa da, qızın valideynləri onları axtarmaqda davam edir. Bir ildir bir-birlərini sevdiklərini deyən 22 yaşlı Hüseyn və 21 yaşlı Sevinc gizlənmək məcburiyyətində qalıblar. Gənc qız atasının onu zorla başqa oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir. Oğlanın valideynləri isə qız evinin təzyiqi ilə üzləşiblər. Valideynləri qızlarının zorla qaçırıldığını iddia edir və polisə müraciət ediblər.

 

Sevinc Nəzərova isə valideynlərinə müraciət edərək bildirir ki, Hüseyn Əlizadə tərəfindən zorla qaçırılmayıb, öz istəyi ilə evdən gedib:

 

“Bir-birimiz istəyirik. Onların ailəsi bizə elçi gəlmək istəyirdi. Anama dedim, razı olmadılar. Dedilər ki, gəlib pis olmaqdansa, heç gəlməsinlər. Mən də belə qərara gəldim ki, qaçmalıyam. Məni başqasına vermək istəyirdilər. Mən də oğlana zəng vurdum, qərara gəldik ki, qaçaq. Burdan valideynlərimə müraciət edərək deyirəm ki, mənə görə narahat olmasınlar, bizə də təzyiq göstərməsinlər”.

 

Gənclər bildirir ki, qızın atası onlara təzyiq göstərir, hədə-qorxu gəlir və Sevincin evə qayıtmasını tələb edir. Üstəlik, oğlanın valideynlərini də incidirlər. Qız adamları iki dəfə Xosrov kəndinə, oğlanın evinə gedərək onların yerini öyrənmək istəyiblər. Hazırda olduqları yeri valideynlərinə də bildirməyən gənclər video-müraciətdə belə danışıblar.

 

Hüseyn Əlizadə: “Qızın anasına dedim ki, elçi göndərim. Dedi ki, gəlməyin. Bilirdik ki, verməyəcəklər. Anası dedi ki, həyat yoldaşım qızı verməyəcək. Ona görə də qərara gəldik ki, qoşulub qaçaq”.

 

Hüseynin qardaşı da hazırda onların harada olduğunu bilmədiyini deyir. Onun sözlərinə görə, Sevincin ailəsi mütəmadi olaraq evlərinə gedib valideynlərinə hədə-qorxu gəlir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR