ABŞ-ın ehtiyatlarının artması nefti ucuzlaşdıra bilmədi

ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcmi bir həftə ərzində rekord həddə artıb. Amerika Neft İnstitutu ehtiyatların həcminin 14,2 milyon barel artdığını açıqladıqdan sonra birjalarda günorta seanslarında “qara qızıl”ın qiyməti sürətlə ucuzlaşıb.

 

Lakin sonra hərraclarda ötən həftələrdə qeydə alınan tendensiya təkrarlanıb. Ehtiyatlar faktorunun qiymətlərə təsiri qısamüddətli olub və neft yenidən itirdiyi mövqeləri bərpa edib. Gün ərzində “Brent” markalı neftin minimum qiyməti 54,63 dollar olub, sonradan qiymət 55,41 dollara kimi artıb.

 

Qərbi Texas neftinin qiymətində də analoji tendensiya müşahidə olunur. Dünən günorta saatlarında qiyməti 51,64 dollara düşən WTİ nefti gecə seanslarında təxminən 1 dollar bahalaşıb.

 

2017-ci ildə birjalarda neftin qiyməti ilə bağlı təhlillər göstərir ki, ABŞ-ın neft ehtiyatlarının həcminə dair faktorlar bazara təsir gücünü getdikcə itirir. Bundan başqa bazarda neftin minimum qiyməti də dəqiqləşmək üzrədir. Yanvar ayı ərzində Amerikadan gələn hesabatlardan sonra “Brent” neftinin qiyməti 54 dollardan aşağı düşməyib, bu qiymət neft üçün “çəlləyin dibi” sayıla bilər. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR