"Çingiz bu ada layiq idi..." - MİLLİ QƏHRƏMANIN KƏNDİNDƏN REPORTAJ
Qusar rayonunun Həzrə kəndi bir neçə gündür ziyarətçi axını ilə üzləşib. Buna səbəb Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun bu kənddə doğulub boya-başa çatmasıdır.
Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb və fevralın 6-da Qusar Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Prezident İlham Əliyevin fevralın 7-də imzaladığı sərəncamla Çingiz Qurbanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif edilib.
Şəhid Çingiz Qurbanov Qusarın Həzrə kənd məktəbində təhsil alıb. Bu gün təhsil aldığı sinif otağında onun şəkli var. Müəlliməsi Svetlana Rəhimxanova deyir ki, Çingiz müəllimlərinin xatirəsində həmişə nümunəvi şagird və vətənpərvər vətəndaş kimi qalacaq: "Çox tərbiyəli, qanacaqlı şagird idi. Rus dili qrammatikasını yaxşı mənimsəyirdi. İnstituta qəbul olundu, yaxşı bal toplamışdı. Ölkə başçısına minnətdarlığımız bildiririk ki, onun qəhrəmanlığını yüksək qiymətləndirib".
Sinif yoldaşı Samir Kərimxanov şəhidlə bağlı xatirələrini bölüşüb: "11 il bir yerdə oxumuşuq. Universiteti də bir yerdə oxumuşuq. Çingizi ünsiyyətcil, mərd uşaq kimi tanıyırdım".
Qusar Azərbaycan torpaqlarının bütövlüyü uğrunda 60 şəhid verib. Çingiz də bu şəhidlərdən biridir.
Qardaşı Beydulla Qurbanov da Çingizlə qürur duyduğunu vurğulayıb: "İki il məndən böyük idi. Təhsillə bağlı Bakıya köçdük. İki kurs məndən yuxarı təhsil alırdı. Qardaş kimi əsl qardaş idi. Heç bir sirrimiz yox idi. Milli Qəhrəman adını verdiyinə görə prezidentə təşəkkür edirəm. O, bu ada layiq idi".
Ziyarətçilər arasında millət vəkili Yevda Abramov da vardı: "Əgər torpaq uğrunda ölən varsa, Vətəndir. Çingiz ona görə dünyasını dəyişdi. Düzdür, valideynləri üçün kədərdir, cavan oğlanları dünyasını dəyişib. Amma bir təsəlli var - o, nahaq yerə dünyasını dəyişməyib. Çingiz alqışla getdi. Həmişə bu xalqın qəlbində yaşayacaq".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı