Ülvi Mehdiyev: "On mindən artıq gənc "ASAN Xidmət"də könüllü olub"

“ASAN Xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə” I ümumrespublika açıq fotosərgisinə start verilib.

 

"ASAN Xidmət"in sədr müavini Ülvi Mehdiyev sərginin məqsədini açıqlayıb: "Azərbaycanda könüllülər hərəkatının vüsət alması "ASAN Xidmət"in yaranma tarixi ilə üst-üstə düşür. On mindən artıq Azərbaycan gənci "ASAN Xidmət"də könüllü olub. Onlar burda təcrübə qazanmaqla gördükləri işləri fotoqrafların gözü ilə geniş ictimaiyyətə çatdırırıq".

 

Sərgi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin elmi şurasının müvafiq qərarı ilə çapa tövsiyə edilən və könüllülük fəaliyyəti barədə şəxsi inkişafa dəstək məqsədilə Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan “Könüllülük: Uğurun formulu” kitabının da təqdimatı keçirilib. Bu kitabda bir könüllü gəncin planları, özünün inkişafında qarşısına qoyduğu hədəflərdən söhbət açılıb.

 

Kitabın satışından əldə edilən gəlir könüllülər tərəfindən yaradılan www.asanmektub.az internet portalına məktub yazan aztəminatlı ailələrin övladlarının məktublarının cavablandırılmasına yönəldiləcək.

 

Fotosərgidə 15 fotoqraf tərəfindən çəkilmiş 34 fotoşəkil nümayiş olunub. Könüllü hərəkatına həsr edilmiş və ilk dəfə keçirilən fotosərgi ASAN könüllülərinin fəaliyyəti ilə məhdudlaşmır. Eyni zamanda Formula1, “Eurovision”, Beynəlxalq Bakı Şahmat Olimpiadası, “Bakı-2015” İlk Avropa Oyunları könüllülərinin fotoları sərgilənəcək.

 

Bir ay davam edəcək sərgidə iştirak etmiş fotoqraflar “ASAN Könüllüləri” Təşkilatının və Azərbaycan Fotoqrafları Birliyinin müvafiq diplomları ilə mükafatlandırılıblar.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR