Abşeronun üç dəfə püskürən 405 metrlik vulkanı - REPORTAJ
Yolumuz vulkanadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Vulkanlar Qoruğunun direktoru Ceyhun Paşayevin rəhbərliyi və qoruq əməkdaşlarının müşayiəti ilə fevralın 6-da püskürməyə başlayan "Otman Bozdağ" vulkanına doğru gedirik.
Bizi kadrlarda gördüyünüz o təpələrin arxasında uzun bir yol gözləyir. Yol boyu ekspedisiyanın üzvləri ölkəmizdəki palçıq vulkanları haqqında məlumat verir. Deyirlər ki, ölkəmizdə "Otman Bozdağ"la yanaşı, "Qoturdağ", "Daşgil", "Pirəkəşkül", "Keyrəki" adlarının verildiyi vulkanlar da mövcuddur. Mütəxəssislərin sözlərinə görə, Azərbaycandakı palçıq vulkanlarının qorunması məqsədilə 1982-ci ildə onların yerləşdiyi ərazilər qruplaşdırılaraq, "dövlət qoruğu" statusunu alıb.
Bir neçə gündür püskürməyə davam edən "Otman Bozdağ" vulkanının püskürdüyü dağın zirvəsinə qalxırıq. Həmin zirvədən görüntüləri APA TV tamaşaçılarına isti-isti təqdim edəcəyik.
Nəhayət, "Otman Bozdağ" vulkanına çatırıq. Ekspedisiya üzvləri vulkanın spesifik xüsusiyyətləri barədə iştirakçılara məlumat verir. Bildirilir ki, "Otman Bozdağ" vulkanı o ilk dəfə 1845-ci ildə püskürməklə mövcudluğunu hiss etdirib. Vulkandakı ikinci aktivlik 1951-ci, üçüncü oyanış isə 1961-ci ildə qeydə alınıb. Xüsusiyyət baxımından "Otman Bozdağ" "vəhşi vulkan" hesab olunmur. Onun son aktivliyi zamanı isə torpaq üzərinə hündürlüyü 250 metrdən çox olan alov qalxıb.
Vulkanlar Qoruğunun direktoru Ceyhun Paşayev deyir ki, yerləşmə baxımından Şamaxı-Qobustan vilayətinə aid olan bu vulkan quruluşuna görə kəsilmiş konus şəklindədir, diametri 300 metr, hündürlüyü 405 metrdir: "Fikir versəniz, ərazidə çoxlu sayda yerin təkindən yüksək təzyiq altında havaya qalxaraq yer səthinə düşən bərk cisimlər mövcuddur. Həmin cisimlər yüksək təzyiq altında səmaya qalxaraq ətraf ərazilərə düşür. Təxminən 120 metr enində, 350 metr uzunluğunda ərazi palçıq vulkanının püskürməsi ilə yaranmış kütlə altında qalıb ".
Görüntülərdəki oyuqlar da vulkan püskürməsi və digər tektonik proseslər zamanı əmələ gəlib. Onların arasında daha geniş olanları da var. Ekspedisiya rəhbəri ərazidəki geodinamik vəziyyətin hazırda nəzarət altında olduğunu bildirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı