Bakıda 20 min dolları 40 minə "çevirən" afrikalılar yaxalandı - YENİ "ŞEYX NƏSRULLAHLAR"

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluqla məşğul olan dəstə üzvlərini saxlayıb.

 

APA TV-nin xəbərinə görə, idarəyə müraciət edən vətəndaşlardan biri tanımadığı şəxslərin onun etimadından sui-istifadə edərək 20 000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 40 000 ABŞ dollarına çevirəcəkləri adı ilə aldatdığını və pulunu dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.

 

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun Respublikasının vətəndaşı Aurelien Vanbo, Nigeriya vətəndaşları Onuegbu Rovland, Empume Charles və Okenchi Kingsleydən ibarət dəstə zərərsizləşdirilib.

 

Saxlanılan şəxslər ifadələri zamanı ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirlər ərəfəsində Bakı şəhərinə çoxlu sayda turistlərin səfər edəcəklərini bildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər. Onların üzərlərinə və müvəqqəti yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkar olunaraq götürülüb.

 

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində müvafiq araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR