Əcnəbi jurnalistlər Cocuq Mərcanlıda - REPORTAJ

Azərbaycanda akkreditə olunmuş xarici kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Cəbrayıl rayonuna səfər edib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl rayonunun erməni hərbi birləşmələrinin işğalından azad olan yeganə yaşayış məntəqəsi Cocuq Mərcanlıya gələn KİV nümayəndələri ərazidə aparılan minatəmizləmə işləri ilə tanış olublar.

 

ANAMA-nın əməkdaşı Adil Aslanov bildirib ki, 250 hektar ərazisi olan Cocuq Mərcanlı kəndinin ilkin olaraq 100 hektarında təmizləmə işləri aparılacaq. Ərazinin partlamamış hərbi sursatlardan təmizləmə işi əsasən 50 yaşayış evinin inşası nəzərdə tutulan ərazidə aparılır. 10 hektar ərazidən bu vaxtadək 30 min kv. m torpaq sahəsi təmizlənib. Bu vaxtadək təhlükəli partlamamış sursat aşkarlanmayıb.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan səfərdə "Associated Press", “Reuters” agentlikləri, Türkiyənin TRT kanalı, "Anadolu" xəbər agentliyi, İranın Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları, Rusiyanın “RİA Novosti”, “İnterfax” və digər media orqanları olmaqla, 30 nəfərədək jurnalist iştirak edib.

 

KİV nümayəndələri 24 ildir kəndi tərk edən sakinlərlə də görüşüblər. Kənd sakini Atakişi Atakişiyev Cocuq Mərcanlı ermənilərin nəzarətinə keçdiyi gündən bəri öz evinə ilk dəfədir gəlib. İkimərtəbəli evinin olduğunu deyən müsahibimiz həyətinin hasarını belə tanımaqda çətinlik çəkib.

 

Xarici KİV nümayəndələri 1994-cü il yanvarın 5-də erməni işğalından azad olunan Cocuq Mərcanlı kəndinə ilk olaraq qayıdan kənd sakini Oktay Həziyevin məskunlaşdığı evə gedərək ailə üzvləri ilə də görüşüb.

 

XİN-in mətbuat katibi Hikmət Hacıyev bu kimi tədbirlərin yaxın vaxtlarda yenidən təşkil olunacağını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR