Donald Tusk: “Status-kvo bu cür davamlı qala bilməz”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü olub. Sonra Azərbaycanın dövlət başçısı və Avropa İttifaqı Şurasının prezidenti işçi lanç ediblər. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk mətbuata birgə bəyanatla çıxış ediblər.

 

Donald Tusk bildirib ki, müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır: “Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir”.

 

Donald Tusk əlavə edib ki, Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşı və onun ən əsas investorlarından biridir. Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın dövlət başçısı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin müzakirə edildiyini də bildirib:

 

“Status-kvo bu cür davamlı qala bilməz. Münaqişənin hərbi yolla həlli yoxdur və o, beynəlxalq hüquqa əsasən siyasi qaydada nizamlanmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir”.

 

Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, fevralın 7-dən Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar başlayacaq. Dövlət başçısı bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir.

 

“Bizim aramızda olduqca fəal siyasi dialoq gedir, mütəmadi olaraq görüşürük və ölkəmizdə siyasi inkişafa, siyasi islahatlara aid vacib məsələləri müzakirə edirik. Biz ölkəmizin bütün vətəndaşlarına hər hansı imkanı təmin etmək üçün Azərbaycanda demokratik islahatların davam etdirilməsinə sadiqik”.

 

Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan torpaqları uzun illərdir işğal altındadır:

 

“Ermənistan Azərbaycanın ərazisinin təxminən 20 faizini işğal edib. Bütün humanitar normaları, beynəlxalq hüquq normalarını pozan Ermənistan BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəlində qəbul olunan və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etmir. Əfsuslar olsun ki, işğal 20 ildən çoxdur davam edir və bu işğala heç bir bəraət qazandırmaq olmaz. Mən cənab prezidentə çox minnətdaram ki, o, öz şərhlərində ölkəmizin ərazi bütövlüyünə bir daha dəstəyini vurğuladı”.

 

Dövlət başçısı məlumat verib ki, Avropa İttifaqı Şurasının prezidenti ilə daşımalar sahəsində gələcək potensial əməkdaşlıq da müzakirə edilib: “Bu, Şərq Tərəfdaşlığı və Avropa ölkələri üçün cəlbedici ola biləcək mühüm layihədir. Azərbaycan bölgədə yeni dəmir yolu xəttinin çəkilməsinə böyük sərmayələr yatırır. Asiyanı Avropa ilə birləşdirən yeni marşrut ümid edirik ki, bu il artıq istifadəyə veriləcək və Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldacaq”.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR