Ağsu aşırımında torpaq sürüşdü: avtomobil yolu bağlandı

Ağsu dolaylarında böyük ərazidə torpaq sürüşməsi baş verib. Nəticədə yolun bir hissəsi dağıldığı üçün orada nəqliyyatın hərəkəti dayandırılıb və yol bağlanıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, sürüşmə hadisəsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsinin 149-cu kilometrliyində baş verib.

 

Sürüşmə nəticəsində yolun hər iki hərəkət zolağının bir hissəsi 40-50 santimetr dərinliyində çöküb. Ümumilikdə sürüşmə zonasının sahəsi 40 metrədək ərazini əhatə edir.

 

Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə 16 saylı “Ağsu Yol İstismar” MMC-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yolda təmizləmə, ilkin bərpa işləri həyata keçirilir. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin çökmə baş verən ərazidə hərəkət dayandırılıb. Avtomobillər hərəkət üçün ərazidəki alternativ yola yönəldilib.

 

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax magistralının 144-158-ci kilometrlik hissəsi, yəni 14 kilometr ərazi Ağsu aşırımının payına düşür. Hazırda həmin dolaylarda 14 aktiv sürüşmə zonası var.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR