Prezident İlham Əliyev: "Avropa İttifaqı Azərbaycan üçün etibarlı dost və tərəfdaşdır"

Azərbaycan prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini ilə işçi səhər yeməyi edib.

 

APA TV-nin xəbərinə görə, ötən il Azərbaycana səfərini məmnunluqla xatırlayan Federika Moqerini əməkdaşlığımızın daha da möhkəmləndirilməsi, əlaqələrimizin bundan sonra da genişləndirilməsi baxımından Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfərinin əhəmiyyətini qeyd edib.

 

Azərbaycanla əməkdaşlığın Avropa İttifaqı üçün böyük önəm daşıdığını vurğulayan Federika Moqerini “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

 

Avropa İttifaqı ilə əməkdaşlığımızın genişləndirilməsinin həm Azərbaycan, həm də region üçün yaxşı mesaj olduğunu deyən prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycan üçün etibarlı dost və tərəfdaş olduğunu söyləyib.

 

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, energetika, nəqliyyat, təhlükəsizlik, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR