Uğrunda öldüyü torpağa tapşırılan qəhrəman - ŞƏHİDİN DƏFNİNDƏN REPORTAJ

Ermənistan ordusunun kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanov bu gün Qusara gətirilib.

 

APA TV-nin Şimal bürosunun məlumatına görə, Qusarın girişində şəhidin cənazəsini izdiham qarşılayıb.

 

Daha sonra şəhidimizin nəşi Şəhidlər Xiyabanına gətirilib.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qusar rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhid yaylım atəşi ilə torpağa tapşırılıb.  

 

Müdafiə nazirinin müavini Kərim Vəliyev şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağını onun xidmət etdiyi hərbi hissənin komandirinə təqdim edib. Bayrağın işğaldan azad olunacaq Azərbaycan torpaqlarında dalğalanacağı bildirilib.

 

Şəhidin atası Salman Qurbanov oğlu ilə qürur duyduğunu bildirib: "Tərbiyəli, ağıllı, cəsur olmasaydı o dığaları qırmazdı ki?! Bizim bildiyimizə görə 4-5 nəfəri yox, çox düşmən öldürüb, gərək lap çox öldürərdi. Onunla fəxr edirik".

 

Çingiz Qurbanovun müəllimi də şagirdinin qəhrəmanlığından iftixar hissi keçirdiklərini vurğulayıb: "Onun şəhid olması xəbərini alanda çox pis oldum. Məktəbin hər bir şagirdi bizim övladımızdır. Sonradan bildim ki, qəhrəmanlıq göstərib. Biz onunla fəxr edirik".

 

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov şəhid Çingiz Qurbanovun bütün gənclərə nümunə olduğunu, Azərbaycan gəncliyinin daim döyüşə hazır olduğunu deyib: "Əgər biz şəhid verməsək, nə qeyrətdən söhbət etməliyik, nə də namusdan, nə torpaqdan. Ona görə şəhid verməliyik. Çingiz şəhidlik zirvəsinə ucalıb, onun qismətində bu idi. O namus, torpaq uğrunda şəhid olub. Bu gün gərək hamımızın and yeri Şəhidlər Xiyabanı olsun.  Hamımız and içməliyik ki, lazım olan anda Ali Baş Komandan əmr verəndə, minlərlə Çingiz qalxsın, torpaqlar işğaldan azad olunsun, ermənilərdən qisas alınsın".

 

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR