Şəhid atası: "Oğlum Vətən uğrunda canından keçdi"

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, mərasimdə şəhidin ailə üzvləri, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, eləcə də millət vəkilləri, hərbçilər, şəhidin ailə üzvləri iştirak edib.

 

Şəhidin atası Salman Qurbanov oğlunun vətən uğrunda canından keçdiyini, özünün də bu yolda hər an silahlanmağa hazır olduğunu dilə gətirib:

 

"Mən oğlumun nəşinin alınmasında ailəmizə köməklik etdiyi üçün prezident, Silahlı Qüvvələrin Ali Baş komandan, cənab İlham Əliyevə, cənab nazirə, bu işdə əməyi olan bütün dövlət qurumlarına ailəmiz adından minnətdarlığımı bildirirəm. Çox sağ olun, Allah rəhmət eləsin".

 

Daha sonra müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, hərbi prokuror Xanlar Vəliyev Çingiz Qurbanovun ailə üzvləri ilə görüşərək, başsağlığı veriblər.

 

Mərasimin sonunda şəhid Çingiz Qurbanovun cənazəsi fəxri qarovulun müşaiyəti, hərbi orkestrin sədaları altında dəfn olunmaq üçün doğulduğu Qusar rayonuna yola salınıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR