Məktəblilərə müjdəni “Qaranquş” gətirəcək

"TEAS PRESS" nəşriyyat evi uşaqları sevindirəcək addım atıb. Məktəblilər üçün nəzərdə tutulan "Qaranquş" jurnalının ilk buraxılışı artıq hazırdır.

 

“3 alma” əmtəə nişanı altında çıxan jurnalın hazırlanmasında Azərbaycanın tanınmış uşaq yazarları və illüstratorları iştirak ediblər.

 

Jurnalın baş redaktoru Aysel Zahidqızının sözlərinə görə, jurnalın nəşrində məqsəd uşaqları maarifləndirmək, eyni zamanda onları əyləndirməkdir: “Bu baxımdan bizim ətrafımızda çox peşəkar yazarlar və təhsil sahəsində kifayət qədər peşəkar olan insanlar toplaşıblar. Biz jurnalı hazırlayarkən tədris planını nəzərə alırıq. Baxırıq hansı mövzular keçirilirsə uşaqlara, o mövzulardan çalışırıq ki, jurnalda da qeyd olunsun. Hər ayın əvvəlində jurnalımızın yeni buraxılışı işıq üzü görəcək. Jurnal üçün abunə də mümkündür".

 

Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə hesab edir ki, yeni nəşr məktəblilərə yeni biliklər əldə etməyə imkan verəcək.

 

Jurnalla tanış olanların gəldiyi ümumi qənaət belədir - yeni nəşr həm müəllimlər, həm də şagirdlər üçün faydalıdır.

 

Qeyd edək ki, “TEAS Press" Nəşriyyat Evi (www.teaspress.az) Azərbaycanda nəşriyyat işinə dəstək vermək, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək keyfiyyətlə tərcüməsi və nəşri, həmçinin Azərbaycanın xaricdə tanıdılmasına töhfə vermək məqsədilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunub. Nəşriyyat Evi “3 alma” (www.3alma.az) əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar nəşr edir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR