Azad Rəhimov: "Lady Gaganın Avropa Oyunlarındakı qonorarı 1 milyondan artıq idi"

Bu il də Formula 1 üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramları nəzərdə tutulub. APA TV-nin xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov bildirib.

 

O əlavə edib ki, hazırda heç bir dünya ulduzu ilə müqavilə bağlanmayıb. Ancaq Bakıya dünyaca məşhur müğənnilərin dəvət olunacağı istisna deyil: "Mütləq bizim azarkeşləri, Bakı sakinlərini dünya ulduzları sevindirəcək. Bu, dəvət olunacaq ulduza baxır. Qiymətlər müxtəlifdir. Eləsi var 3 minə gəlir, eləsi də var 300 minə. Ona görə də dəqiq rəqəm söyləmək mümkün deyil.  Lady Gaga Bakıda Avropa Oyunlarının açılışında oxuyanda orada 1 milyondan artıq idi onun qonorarı".

 

Təhsil naziri Mikayıl Cabbarov isə Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarının tədris prosesinə təsirinin olub-olmayacağına aydınlıq gətirilib. O bildirib ki, hazırda bu məsələ müzakirə olunmur: "Beynəlxalq idman yarışlarının keçirildiyi coğrafi məkanların yaxınlığında yerləşən təhsil müəssisələrində bu məsələyə baxıla bilər. Hazırda bu istiqamətində müəyyən işlər həyata keçirilir".

 

Nazir beynəlxalq idman yarışlarında iştirak edəcək tələbə könüllərinə tədris və imtahan zamanı hər hansı güzəştlərin ediləcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Könüllü təhsil təcrübəsi əslində təhsil təcrübəsinin bir nüsxəsidir. Düşünmürəm ki, tələbə könüllülərin imtahanlarda hər hansı bir güzəştə ehtiyacı var. Keçmişdə biz könüllülərlə bağlı belə müraciətlərlə rastlaşmamışıq".

 

Qeyd edək ki, bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mərkəzi ofisində könüllülük fəaliyyətinə dair yeni qurulan akademiyanın açılış mərasimi keçirilib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR