Prezident İlham Əliyev: "Niyazi dəfələrlə bizim evimizdə olmuşdu"

Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, SSRİ xalq artisti, maestro Niyazinin abidəsinin açılış mərasimi olub.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

Dövlət başçısı maestro Niyazinin abidəsinin açılışını edib.

 

Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi xalq rəssamı Ömər Eldarov, memarı isə əməkdar memar Elbəy Qasımzadədir.

 

Dövlət başçısı mərasimdə çıxış edib. O, Niyazinin Azərbaycan dirijorluq məktəbinin əsasını qoyduğunu bildirib. Qeyd edib ki, böyük Üzeyir Hacıbəylinin layiqli davamçısı olan Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoyub və Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verib. Dünyada və sovet məkanında dirijor kimi tanınan Niyazi, eyni zamanda, gözəl bəstəkar idi, onun əsərləri bu gün də yaşayır.

 

Sonra Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, bəstəkar, xalq artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, xalq rəssamı, heykəltəraş Ömər Eldarov çıxış ediblər.

 

Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.

 

Dövlət başçısı mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR