Şaxtalı Bakı gecəsi: yollar, nəqliyyat, əylənən insanlar (REPORTAJ)
Ötən gecə Bakıda şaxtalı hava şəraiti hökm sürüb. Amma bu, Bakı sakinləri üçün gözlənilməz deyildi. Sinoptiklər şaxtalı hava şəraitinin fevralın 2-sinə keçən gecə də davam edəcəyini xəbər vermişdilər. Yol polisi də yolların buz bağlaması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət etmiş, qarlı və şaxtalı havada sürücülərə son dərəcə diqqətli olmağı məsləhət görmüşdü.
Şaxta gecə saatlarında Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətinə problem yaratmayıb. Yolların hərəkət hissəsi qardan təmizlənib. Yalnız yol kənarlarında qar yığını və buzlama müşahidə olunub.
İctimai nəqliyyatın da hərəkəti öz axarında davam edib. Bakı və şəhərətrafı qəsəbələrə sərnişin daşıyan avtobuslar gecə yarısına qədər işləyiblər.
Əməkdaşlarımız Sumqayıt şəhərinə sərnişin daşıyan taksi və mikroavtobusların dayanacağında da olublar. Gündüz saatlarında taksi sürücüləri qiyməti 3 manata qaldırsalar da, gecə bir nəfər üçün Sumqayıta getmək 2 manata başa gəlirdi. Sürücülər bildiriblər ki, gündüz Bakı-Sumqayıt yolunu qar örtdüyündən, gediş haqqını artırmalı olublar. Gecə isə dayanacaqda onlarla taksi və mikroavtobus gözləsə də, Sumqayıt istiqamətində gedən sərnişinlərin sayında ciddi azalma müşahidə olunurdu. Gecə yolların buz bağlayacağından ehtiyatlanan vətəndaşlar evlərinə daha tez getmişdilər.
Bakının nisbətən hündür ərazilərində isə yolların hərəkət hissəsi gecə saatlarında buz bağlayıb. Buna baxmayaraq, avtomobillərin normal hərəkəti davam edib.
Əvvəlcədən xəbərdarlıq edildiyindən, Bakı küçələrində avtomobillərin sayı da az olub. Vacib işi olmayanlar şəxsi avtomobillərindən istifadə etməməyə üstünlük veriblər. Bakıda az-az təsadüf olunan şaxtalı havadan əyləncə üçün istifadə edənlərə gecə də rast gəlmək mümkündür:
Sinoptiklər fevralın 2-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və yağmursuz hava şəraiti proqnozlaşdırırlar. Bakıda gündüz 1-3 dərəcə isti gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı