Siyavuş Novruzov: "Lenin kimi çiynimizdə taxta-şalban daşıyaq?"

Bu gün Milli Məclisin yaz sessiyasında ilk iclası keçirilib. APA TV-nin xəbərinə görə, spiker Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra ilk plenar iclas işə başlayıb.

 

APA TV-nin məlumatına görə, Oqtay Əsədov yaz sessiyasında hökumətin hesabatının dinləniləcəyini də bildirib. İclasın gündəliyinə 27 qanun layihəsi daxil edilib.

 

Cari məsələlərin müzakirəsi zamanı deputat Vahid Əhmədov iki qanun layihəsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib: "Bunlardan biri "Maliyyə nəzarəti haqqında” qanun layihəsidir. Biz korrupsiyanın qarşısını almaq istəyiriksə, bu qanunu mütləq qəbul etməliyik. Maliyyə Nazirliyi bildirib ki, qanun üzərində işlənilir. Amma bu sənəd Milli Məclisə daxil olmur. Digər qanun isə "Rəqabət Məcəlləsi”dir. Azərbaycanda monopoliyanı, inhisarçılığı aradan qaldırmaq lazımdır”.

 

Spiker Oqtay Əsədov deputata cavab verərək deyib ki, "Rəqabət Məcəlləsi” üçüncü oxunuşda dəyişdirilmək üçün geri çağırılıb: "Bu da 2008-ci ildə başlanan böhran vəziyyəti ilə bağlıdır. Qanunun maddələri dəyişdirilməlidir. Dəyişəndən sonra yəqin ki, göndərəcəklər. "Maliyyə nəzarəti” layihəsi də nəzarətdədir. Hazırda o qanun üzərində işlənilir”.

 

Millət vəkili Zahid Oruc vaxtilə vətəndaşlara verilən özəlləşdirmə çekləri məsələsini gündəmə gətirib.

 

Deputat Siyavuş Novruzov isə Milli Məclisin işləməməsi ilə bağlı fikirlərin yanlış olduğunu söyləyib: “Biz qanunlar qəbul edirik. Nə edək, Lenin kimi çiynimizdə taxta-şalban daşıyaq? Yaxud bəziləri deyir ki, prezidentin komandası dəyişməlidir. Bu komandanın fəaliyyəti nəticəsində Azərbaycan belə inkişaf edib. Digər tərəfdən, komanda üzvlərini prezident təyin edir. Bəziləri yaddan çıxarır ki, biz parlamentli yox, prezidentli respublikayıq”.

 

Deputat Qüdrət Həsənquliyev mülkiyyət problemindən danışaraq deyib ki, buna son dərəcə həssas yanaşılmalıdır.

 

Deputata cavab verən spiker Oqtay Əsədov isə əmlakları sökülən insanların məhkəməyə müraciət etməsi faktının qeydə alınmadığını bildirib: "Kimin əmlakı sökülübsə, əvəzi verilib. Jurnalistlərin bu barədə yazdıqlarına siz o qədər də fikir verməyin. Heç kəsin əmlakı qanunsuz sökülməyib”.

 

Deputat Elmira Axundova deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsini təklif edib: "Bu gün sosial ipoteka üçün 3 il dövlət qulluqçusu stajı tələb olunur. Xahiş edirəm ki, 125 deputat köməkçisinə 5 il fəaliyyətləri ərzində dövlət qulluqçusu statusu verilməsi məsələsi həllini tapmalıdır".

 

Deputat Araz Əlizadə isə bank sistemində hərc-mərclik olmasına diqqət çəkib. Onun sözlərinə görə, Prezident əlindən gələni edir ki, insanların rifahı artsın: “Ancaq Mərkəzi Bank və kommersiya bankları daha çox istəyir ki, əhaliyə əziyyət verib pul qazansınlar”.

 

İclas müzakirələrlə başa çatıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR