Media intihar xəbərlərini necə işıqlandırmalıdır? - MÜTƏXƏSSİSLƏR DANIŞIR
Sadə vətəndaşla yanaşı, məşhur psixoterapevtin də özünə qəsd etməsi daha bir məsələni gündəmə gətirdi - media intihar xəbərlərini necə işıqlandırmalıdır?
APA TV-nin xəbərinə görə, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, oxucu baş verən hər bir hadisəni, o cümlədən intiharları bilməlidir.
Amma baş redaktor intihar görüntülərinin verilməsini düzgün saymır: "Xəbər elə bir şeydir ki, onu verməmək qeyri-mümkündür. Sadəcə, yolu tapılmalıdır ki, müəyyən məhdudiyyətlər olsun. Məşhur adamların xəbərlərinin verilməməsi isə tamamilə qeyri-mümkündür. Amma bunun əks tərəfi də var ki, bu cür xəbərlər verildikcə, intiharların sayı artır. İnsan ölümü də sıradan bir hadisə deyil. Sosial media inkişaf etdikcə, bu cür xəbərləri verməmək qeyri-mümkündür".
Lent.az saytının baş direktoru Qabil Abbasoğlu də intihar xəbərlərinin KİV-də işıqlandırılmasının tərəfdarıdır: "Digər informasiyalar kimi, bu xəbəri də KİV-lər təqdim edirlər və etməlidirlər. İntihar xəbərlərinə qadağa qoymaq intiharların qarşısının alınması üsulu deyil. İntiharlarla mübarizəni intihar xəbərlərini gizlətməklə aparmazlar. İntiharlarla bağlı cəmiyyətdə sosial xarakterli layihələr və digər mütəxəssislərin iştirakı ilə müəyyən proqramlar həyata keçirilməlidir".
Sadə vətəndaşların məsələyə münasibəti müxtəlifdir. Media eksperti Rizvan Qənbərli isə hesab edir ki, hər hansı bir şəxsin intiharı jurnalistlər üçün xəbər dəyəri daşımamalıdır. Çünki dünyanın öndə gedən ciddi xəbər qurumları sadə vətəndaşların intiharını xəbər etmir. Rizvan Qənbərli Azərbaycan mətbuatında bəzən intiharların çox dramatik formada təqdim olunduğunu və bu xəbərlərin də insanları intihara təşviq etdiyini deyir: "İntiharın səbəb olduğu hansısa ictimai və ya siyasi hadisə zəncirvari təsir yaradırsa, o zaman bu intiharlar haqqında xəbər verilə bilər. O zaman da xəbərin mövzusu intihar yox, intiharın səbəb olduğu problem olmalıdır. Məsələn, intihar forması körpüdən atılma formasında həyata keçirilmişsə və bu da şəhərin nəqliyyatını iflic edibsə, ancaq bu halda xəbər ola bilər".
Qeyd edək ki, keçən əsrin 60-cı illərinə qədər müxtəlif ölkələrdə intihar xəbərlərinin verilməsi ilə bağlı qadağalar mövcud olub. Hazırda belə bir qadağa olmasa da, Kanada, Avstriya və Yaponiyada kimi ölkələr insanların özünəqəsd hallarını KİV-də yayımlamır. Dünya Səhiyyə Təşkilatının media mütəxəssisləri də jurnalistlərə intihar xəbərlərini yaymamağa dair cağırışlar edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı