Kəmaləddin Heydərov: "Qarşılıqlı investisiyalardan həm Azərbaycan, həm də Qətər xeyir götürəcək"

Bakıda Azərbaycan-Qətər hökumətlərarası birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 1-ci iclası keçirilib. 

 

APA TV-nin xəbərinə görə, iclasdan əvvəl komissiyanın həmsədrləri -  Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin təkbətək görüşü olub, daha sonra komissiyanın iclası başlayıb.

 

K.Heydərov bildirib ki, Azərbaycan-Qətər hökumətlərarası birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hazırladığı sənədlər əsasında əməli işlər görüləcək: "Ümid edirəm ki, həm Qətər, həm də Azərbaycan iş adamlarının iqtisadiyyat sahəsində quracaqları müştərək şirkətlərin fəaliyyətindən, yatırılacaq qarşılıqlı investisiyalardan həm Azərbaycan, həm də Qətər xeyir götürəcək. İmzalanacaq protokol çərçivəsində gələcəkdə müştərək fondun yaradılması birgə işimizə faydalı ola bilər”.

 

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani səmimi qarşılanmaya görə K.Heydərova öz təşəkkürünü çatdırıb. O deyib ki, hökumətlərarası birgə komissiya gələcəkdə iki dövlət arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

 

Toplantıda Azərbaycanla Qətər arasında əlaqələrin yüksək templə inkişaf etdiyi vurğulanıb, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanan sənədlər, əldə olunan razılaşmalar sayəsində əlaqələrin son illər dinamik şəkildə genişləndiyi xüsusi qeyd edilib. Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin 2016-cı ildə Azərbaycana səfərinin uğurlu keçdiyi bildirilib. Azərbaycan prezidenti İlham Əliyevin bu ilin fevralında Qətər Dövlətinə nəzərdə tutulan səfərinin iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edilib. Azərbaycanın ixrac yönümlü məhsullarının Körfəz bazarına çıxarılmasının, Körfəz ölkələri ilə sərmayə əməkdaşlığının təşviq edilməsinin hazırda prioritet istiqamətlərdən olduğu, bu xüsusda dövlət və özəl şirkətlərin səylərinin artırılmasının mühüm əhəmiyyət kəsb etdiyi də vurğulanıb. Qarşılıqlı prinsip əsasında Azərbaycan vətəndaşlarına Qətər Dövlətinə daxil olduqda, viza verilməsi təklifinin müsbət cavablandırılması yüksək qiymətləndirilib.

 

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb və müzakirələrin yekununa dair protokol komissiyanın həmsədrləri tərəfindən imzalanıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR