Qafqaz Universitetinin binası və əməkdaşları Bakı Mühəndislik Universitetinə veriləcək

Təhsil Nazirliyinin növbədənkənar kollegiya iclası keçirilib. APA TV-nin xəbərinə görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər müzakirə olunub.

 

Qafqaz Universitetində təhsil alan bütün tələbələrin prezident İlham Əliyevin  2016-cı il 8 noyabr tarixli sərəncamı ilə yaradılmış Bakı Mühəndislik Universitetində təhsillərini davam etdirməsi barədə qərar qəbul olunub.

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib ki, Bakı Mühəndislik Universitetində təhsillərini davam etdirmək istəməyən tələbələrin müraciətinə yay tətilindən sonra  baxılacaq: "Qafqaz Universitetinin təhsil infrastrukturu, eyni zamanda pedaqoji heyət bütövlükdə Bakı Mühəndislik Universitetində öz fəaliyyətini davam etdirə biləcək. Təhsil alan tələbələr artıq 2016-2017-ci tədris ilinin ikinci semestrindən etibarən artıq Bakı Mühəndislik Universitetinin tələbələri hesab olunacaq. Tələbələr bütövlükdə Mühəndislik Universitetində təhsillərini davam etdirəcəklərsə, məzun tələbələrə, builki məzunlara da Bakı Mühəndislik Universitetinin diplomları veriləcək".   

 

Qərarda həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da nəzərə alınıb.  Növbəti tədris ilindən isə Bakı Mühəndislik Universitetində pedaqoji ixtisas üzrə qəbul həyata keçirilməyəcək: "Müəllimlik üzrə təhsil alan tələbələr öz təhsillərini başa vurana qədər bu universitetdə təhsil ala biləcəklər. Lakin müəllimlik ixtisası üzrə növbəti tədris ilindən tələbə qəbulu burada planlaşdırılmayacaq. Texniki, texnoloji, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə tələbə qəbulu planlaşdırılır".

 

Qafqaz Universitetində təhsil alan tələblərin təhsil haqlarına gəldikdə isə, ödəniş haqqı cari tədris ili üçün sabit  qalacaq. Ancaq növbəti tədris ilindən etibarən Bakı Mühəndislik universitetində təhsil haqqı ilə bağlı müvafiq qərar qəbul olunacaq. Bundan sonra tələbələrin xeyrinə bir qərar qəbul olunacaq".

 

S.Gözəlov bildirib ki, Qafqaz Universitetinin diplomlarının tanınması ilə bağlı Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq: "Tanınmamaq məsələsi bizim ərazi üçün aid deyil. Hazırda təhsil alan tələbələr üçün də bu məsələ çox müsbət həllini tapır. Çünki bu tələbələr artıq diplom aldıqda, yeni bir universitetin məzunu olacaqlar. Onun diplomlarının tanınması ilə bağlı heç bir problem olmayacaq".

 

Bakı Mühəndislik Universitetinə müvəqqəti olaraq Sülhəddin Gözəlov rəhbərlik edəcək.  Universitetin rektoru isə prezidentin sərəncamı ilə təyin olunacaq.

 

Bu yaxınlarda fəaliyyəti dayandırılan Təfəkkür Universitetinə gəlincə, burada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi yay tətilindən sonra baş tutacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR