Azərbaycanda online alış-veriş genişlənir

Dünyada elektron ticarət hər gün daha çox inkişaf edir. Təkcə 2012-ci ildə Qərbi Avropada internet vasitəsilə satılan mal və xidmətlərin ümumi məbləği 160 milyard avroya yaxın olduğu halda, 2013-cü ildə 175 milyard avroya, 2014-cü ildə isə 190 milyarda çatıb. İl ərzində regionda 100 milyondan çox istehlakçı ən azı bir dəfə online alış-veriş edir. Bəs görəsən, hazırda ölkəmizdə bu sahədə vəziyyət necədir? İnsanlar internet üzərindən alış-veriş edirmi?  

 

Online sifarişlərin xaricdən Azərbaycana gətirilməsini həyata keçirən yükdaşıma şirkətinin icraçı direktoru Rüfat İbrahim deyir ki, ölkəmizdə bu sahə günü-gündən inkişaf edir. Vətəndaşlarımız xaricdən daha çox geyim və ayaqqabı sifariş edilir: "Online sifariş verənlərin sayı get-gedə artır. Xanımlar daha çox müraciət edir. Xanımlardan özləri və körpələri üçün geyimlərin sifarişlərini daha çox alırıq. Qış aylarında daha çox üst geyimləri sifariş olunur. Ayaqqabı sifarişi də alırıq. Xanımlar daha çox seçim edir, sifariş verir. Kişilər də daha çox geyim sifariş edirlər".

 

İcraçı direktor deyir ki, xanımlar müxtəlif çeşidlərdə aksesuarlar da gətizdirir. Onun sözlərinə görə, əvvəlki aylara nisbətən yanvar ayında online sifariş edənlərin sayında 30-40 faiz artım müşahidə olunub. Müsahibimiz deyir ki, bəzən müştərilər yükdaşıma xidməti  ilə satış firmalarını səhv salırlar: "Elə bilirlər biz satıcı firmayıq. Elə deyil, biz satıcı firma deyilik. Biz, sadəcə, Türkiyədən Azərbaycana yüklərin daşınmasını həyata keçiririk. Müştərilərimizin türk saytlarına verdiyi sifarişləri həmin saytın Azərbaycana çatdırılması olmadığı üçün biz çatdırırıq. Bunun üçün də müştəridən daşınma haqqı alırıq. Qiymətlər 1 kq üçün 5 dollar hesablanır. Yanvar ayından bəri yeni tarifə keçmişik. Ayaqqabı və geyimlər qutuda gəlsə belə, sadəcə, fiziki çəkisinə görə hesablanacaq".

 

Rüfət İbrahim deyir ki, qiymətlər münasib olduğuna görə müştərilər online alış-verişə daha çox üstünlük verir.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR