ABŞ-da hasilat artır, neft sürətlə ucuzlaşır

ABŞ-da şist nefti hasil edən qazma qurğularının sayının artması neftin qiymətinə mənfi təsir göstərib.

 

APA TV-nin məlumatına görə, "Baker Hughes" şirkəti ölkədə belə qazma qurğularının sayının 566-ya çatdığını açıqlayıb. Bununla da ölkədə şist nefti hasil edən qurğuların sayı son 13 həftədə 12-ci dəfə artmış olub. Ölkədə şist neftinin hasilatının genişlənməsi dünya bazarında qara qızılın qiymətini təzyiq altında saxlayan əsas amillərdən biridir.

 

"Baker Hughes" şirkətinin açıqlamasından sonra birjalarda “Brent” markalı neftin qiyməti təxminən 60 sent ucuzlaşıb. Son 24 saat ərzində “Brent” neftinin maksimum qiyməti 55,81 dollar olub, səhər seanslarında isə bu rəqəm 55,20 dollara düşüb.

 

Qərbi Texas neftinin qiymətində də analoji tendensiya müşahidə olunur. Həftənin ilk seanslarında 53,41 dollardan satılan WTİ nefti səhər keçirilən hərraclarda 52,40 dollardan təklif edilir.

 

Qiymətlərin ucuzlaşmasına mane olan əsas faktor yenə də OPEK üzvlərinin hasilatı azaltmaq barədə razılığa əməl etməsidir. Buna rəğmən, ABŞ-da hasilatın artması OPEK-də əldə olunan razılaşmanın effektini xeyli azaldır. Hesablamalara görə, qiymətlər bu həddə qalarsa, ABŞ-da gündəlik neft hasilatı 500 min barel arta bilər ki, bu da tələblə təklif arasında balansı ciddi şəkildə pozmuş olacaq.

 

Qeyd edək ki, şist neftinin hasilatı qiymətlər 50 dollar həddində olarkən effektli sayılır, qiymətlər 50 dollardan aşağı olan zaman ABŞ-da hasilat qurğularının bir hissəsi fəaliyyəti dayandırır. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR