Prezident: "Azərbaycan neftdən çox ağıllı və səmərəli istifadə edən ölkədir"
"Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə iqtisadiyyat inkişaf edib". APA TV-nin məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.
Prezident İlham Əliyev qeyd edib ki, kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 dəfə artıb.
"Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik" deyən İlham Əliyev bildirib ki, dünyada davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərib: "Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilib. Keçən il yüz mindən çox daimi iş yeri yaradılıb".
Dövlət başçısı deyib ki, regionların inkişafı ilə bağlı birinci və ikinci proqram uğurla icra edilib: "Həmin vaxt Azərbaycanda qazlaşma 51 faiz idi, bölgələrdə isə demək olar ki, qazlaşma yox idi. İndi qazlaşmanın səviyyəsi 91 faizə çatıb".
Yol infrastrukturu sahəsində görülən işlərdən danışan prezident bildirib ki, yol olmayan yerdə investisiya, inkişaf ola bilməz. Onun sözlərinə görə, Azərbaycanda sahibkarlara dəstək məqsədi ilə Sahibkarlara Kömək Milli Fondu yaradılıb və sahibkarlara kreditlər verilib: "Bizim məqsədimiz müstəqilliyimizi gücləndirmək və dayanıqlı inkişafa nail olmaqdır. Məqsədimiz odur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Pensiya, müavinət və maaşların artırılması bu məqsədə xidmət edir".
Prezident bildirib ki, 2003-cü ildən sonra 300-dən məktəb tikilib, təmir edilib. Onun sözlərinə görə, ölkə üzrə 130 məktəbdə təmir işləri aparılmalıdır: "Bakı Şəhər İcra Hakimiyyəti də bu il, uzağı gələn il Bakıda məktəblərdə təmir işlərini yekunlaşdırmalıdır. Bu il Gənclər və İdman Nazirliyi tərəfindən Abşeron və Ağcabədi idman kompleksləri də tikilib istifadəyə verilməlildir".
İlham Əliyev Azərbaycanda güclü turizm industriyası yaradılmasının vacibliyindən də danışıb. Prezident qeyd edib ki, xalçaçılıq inkişaf etməlidir.
Dövlət başçısı Quba və Mingəçevir şəhərlərində “ASAN Xidmət” mərkəzləri açılacağını söyləyib: “Bu il həm də 42 min ictimai iş yerləri açılacaq. Biz bütün bu işləri görərkən bir neçə məqsəd güdürük. Biz kənd təsərrüfatı ixracını iki dəfə artıra bilərik. Beləliklə, ölkəyə daha çox valyuta gələcək, iş yerləri artacaq, neftdən asılılıq azalacaq. Mən deyirəm ki, biz postneft dövründə yaşayırıq. Ancaq bu o demək deyil ki, neft gəlirləri olmayacaq. Biz onillərlə neft gəlirlərindən xalqımızın rifahı üçün istifadə edəcəyik".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq kosmik sənayeyə malikdir: "İki peykimiz var. Kosmik sənaye düzgün qurularsa, böyük gəlir mənbəyidir. Peyklərin yaradılmasına qoyulan vəsait artıqlaması ilə geri qayıdacaq".
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin məhz Azərbaycanın liderliyi ilə həyata keçirildiyini diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, maneələr törətmək istəyənlər olsa da, Azərbaycan strateji məqsədlərinə nail olub.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan neftdən çox ağıllı və səmərəli istifadə edən ölkədir: "Bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik deyil, bədbəxtlik gətirəcək. Ancaq biz möhkəm dövlət qurmuşuq, 25 ildir ki, müstəqil yaşayırıq. Gələcəkdə daha böyük işlər görüləcək. Bu işlərin mərkəzində xalq dayanır. Xalq dəstək verməsə idi, bu işlər görülməzdi. Bu, bizi ruhlandırır".
Dövlət başçısı qeyd edib ki, son illər məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə tikilib, 5 milyard manatdan çox vəsait ayrılıb: "Tapşırıq verilib ki, bu il yataqxanalardakı məcburi köçkünlərin köçürülməsinə başlanılsın. Bu il və qarşıdakı illərdə vəsait ayrılacaq ki, yataqxanalardakı məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılsın. Yaxın bir ay ərzində vəsait ayrılacaq".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı