Aydın Əliyev: "Bəzi sahibkarlar vergidən yayınmağa çalışır"

"Regionların yeni siması salınır. Azərbaycan prezidentinin tapşırığı ilə 40 yeni kənd yolu dövlət vəsaiti hesabına əsaslı təmir olunacaq və ya yenidən salınacaq".

 

APA TV-nin məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı"nın icrasının 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, prezident ölkədə qazlaşma prosesinin 94%-ə çatdırılması və kəndlərin qazlaşdırılması prosesinin davam etdirilməsi barədə tapşırıqlar verib. 80 kəndin qazlaşdırılması müvafiq dövlət qurumları qarşısında qoyulub. Eyni zamanda su təchizatının yaxşılaşdırılması ilə bağlı göstərişlər verilib.

 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə deyib ki, ötən il 100% elektron bəyannamə sistemi tətbiq olunub, nəticədə sahibkar heç bir vasitəçi olmadan idxal-ixrac əməliyyatlarını həyata keçirə bilir. Aydın Əliyev bəzi iş adamlarının idxal-ixrac əməliyyatları zamanı malların qiymətini aşağı salmaqla vergidən yayınmağa çalışdığını vurğulayıb: "Əvvəllər idxal olunan malların qiymətinin aşağı salınması problemi daha çox qeydə alınırdısa, indi ixrac olunan malların qiymətinin azaldılması hallarına rast gəlirik. Dövlət Gömrük Komitəsi tərəfindən işçi qrup yaradılıb".

 

Kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, sahibkarların hər bir məsələdə dövlətdən güzəşt və subsidiya istəməsini düzgün saymır: "Texnika ilə bağlı məbləğin 40%-ini dövlət ödəyir. Sahibkar bu məbləğin 60%-ini ödəməlidir. Sahibkar ilkin olaraq 20%-ini ödəyir, 40%-ini isə 10 il ərzində faizsiz ödəməsinə şərait yaradılır. Amma sahibkar bu vəsaiti də ödəmir".

 

Daha sonra sahibkarlar üzləşdikləri problemlərdən danışıblar. Sahibkarlar tərəfindən idxal olunan məhsullara rüsumların azaldılması ilə bağlı təklifə münasibət bildirən Şahin Mustafayev deyib ki, Azərbaycana idxal olunan malların ölkədə istehsalının artırılmasına çalışılmalıdır: "Hansısa məhsulda bizim idxaldan asılılığımız varsa, onun istehsalını Azərbaycanda artırmağa çalışmalıyıq. Siz isə təklif edirsiz ki, biz idxalı yüngülləşdirək. Onun əsas yolu Azərbaycanda həmin məhsulun istehsalının təşkilidir".

 

Qeyd edək ki, konfransdan sonra İqtisadiyyat Nazirliyi sahibkarlarla görüşlər keçirəcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR