Bakı-Gəncə aviareysi bərpa olunur

Bakı-Gəncə aviareysi bərpa olunur. APA TV-nin məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında fevralın 15-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq.

 

Bakı-Gəncə- Bakı aviareysləri üzrə uçuşlar bu il yanvarın 9-da ləğv edilmişdi. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski APA TV-yə reysin bağlanmasını onun iqtisadi nəzərdən qeyri-effektivliyi ilə izah edib. Onun sözlərinə görə, qərar aviareyslər kommersiya baxımından səmərəli olmadığı üçün ləğv edilib.

 

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə aviareyslərin bərpası ictimaiyyət tərəfindən razılıqla qarşılanıb. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif təbəqəli insanlar narazılıqlarını ifadə edib, qərara etirazlarını bildiriblər.

 

İqtisadçı ekspert Ruslan Atakişiyev hesab edir ki, yerli aviyareyslərin işləməsinin rentabelliliyini artırmaq üçün AZAL insanların bunda maraqlı olmasını təmin etməlidir: "Türkiyə ilə müqayisə etsək, görərik ki, mövsümlərə uyğun müxtəlif kampaniyalar keçirilir. Qarşıdakı aylar üçün daxili reyslərdə müxtəlif endirimlər edirlər ki, insanlar məhz daxili uçuşlara üstünlük versin".

 

Mili Məclisin Gəncədən seçilən deputatı Musa Quliyev də aviareyslərin bərpasını zəruri sayır: "Ölkənin strateji bölgəsi ilə paytaxtı birləşdirən hava nəqliyyatının ləğv olunmasını mən heç cür anlaya bilmirəm. Bütün qərb zonası sürətlə inkişaf edir. Naftalan şəhəri beynəlxalq əhəmiyyətli kurort şəhəridir və bura gələn turistlərin çoxu da Gəncə aeroportundan istifadə edirdi”.

 

Qeyd edək ki, Gəncəyə uçuşlar həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar olmaqla, uçuşlar "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən həyata keçiriləcək.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR