Baş nazirin müavini: "Azərbaycanda islahatların yeni mərhələsi başlayır"

"Azərbaycan əhali arasında gənclərin çəkisi yüksək olan ölkələrdən biridir. Ölkəmizdə əhalinin sayının artması ilə əlaqədar insanların mənzil tələbatının ödənilməsi üçün çox ciddi layihələr həyata keçirilir".

 

APA TV-nin məlumatına görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov YAP Gənclər Birliyinin 2 fevral - Gənclər Günü ilə bağlı keçirilən tədbirində bildirib ki, hər il ölkəmizdə əhali orta hesabla 1,3% artır.

 

Prezident İlham Əliyevin mühüm işlər gördüyünü deyən Əli Əhmədov vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı çox cəsarətli layihə həyata keçirilir. Bundan başqa, gənclərin mənzillə təmin edilməsi sahəsindəki problemlər yaxın vaxtlarda aradan qalxacaq, əhali üçün etibarlı səhiyyə sistemi təmin ediləcək: "Ölkəmizin 2016-cı ilin uğurlarında, nailiyyətlərin əldə olunmasında ölkə gənclərinin böyük töhfələri olub. Bu mənada hesab edirəm ki, 2016-cı ilin uğurları ilə əlaqədar keçirilən bütün tədbirlərdə gənclərin yaxından iştirak etməsi və öz təqdimatlarını irəli sürməsi tamamilə məntiqəuyğundur".

 
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda islahatların yeni mərhələsi başlayır. Müəyyən olunmuş hədəflərə çatılıb, artıq ciddi islahatlar mərhələsi başlayır və Azərbaycan dəyişikliklər dövrünü yaşayır.

 

Toplantıda bir qrup şəxsə YAP-a üzvlük biletləri təqdim edilib. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR