“Sovetski”dəki yanğında 1 nəfər ölüb, 4 nəfər xilas olunub

Bakının Yasamal rayonunda ümumi həyət tipli, taxta konstruksiyalardan ibarət, bir tərəfi ikimərtəbəli, digər tərəfi isə üçmərtəbəli olan binada baş verən yanğın zamanı yanğınsöndürənlər tərəfindən dörd sakin xilas edilib. Dağıntı altında qalan bir qadının meyiti aşkarlanıb. Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov yanvarın 27-də paytaxtın Yasamal rayonunun Həzi Aslanov küçəsində yerləşən binada baş verən yanğınla əlaqədar jurnalistlərə müsahibəsində deyib.

 

Ə.Novruzov bildirib ki, yanğın haqda məlumat saat 17 radələrində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olub. Ərazi üzrə Yasamal rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın bölmələri dərhal hadisə yerinə gedib. Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 dərəcəli çağırış elan olunub. Bakı qarnizonunun qüvvə və vasitələri də hadisə yerinə cəlb edilib. Alovla mübarizədə 13 yanğınsöndürmə avtomobili, 90-a yaxın şəxsi heyət iştirak edib. Yanğın 35-40 dəqiqə ərzində söndürülüb.

 

Yanğın zamanı xəsarət alan qadın Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır. İlkin araşdırmalara görə, binanın pilləkən qəfəsləri taxta konstruksiyalı olduğundan yanğın qısa müddətdə mənzillərə yayılıb. Yanan binadan çıxa bilməyən sakinlər yanğınsöndürənlər tərəfindən xilas edilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR