Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 27-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

 

APA TV xəbər verir ki, dövlət başçısı Azərbaycanla Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini və Azərbaycan Dövlət Gömrük Komitəsinin Dünya Gömrük Təşkilatının çox fəal üzvlərindən biri olduğunu məmnunluqla qeyd edib.

 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatında, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar artıq çox yaxşı nəticələr verməkdədir. Dövlət başçısı ticarət dövriyyəsinin azalmasına baxmayaraq, toplanan gömrük rüsumlarının həcminin əvvəlki dövrə nisbətən artdığını vurğulayıb.

 

Azərbaycan gömrük sisteminin müasir texnologiyaların tətbiqi, insan resurslarının idarə olunması, gömrük sahəsində kadrların peşəkar səviyyəsinin artırılması və digər istiqamətlərdə böyük nailiyyətlər əldə etdiyini vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bütün bunların güclü siyasi dəstək sayəsində mümkün olduğunu qeyd edib və bu sahəyə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR