"Lələtəpədən hər gün atəşə tutulurduq" - CƏBHƏ KƏNDİNDƏN REPORTAJ
Füzuli rayonunun Mirzənağılı kəndi cəbhə xəttinə ən yaxın yaşayış məntəqələrimizdəndir.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, vaxtilə ermənilərin nəzarətində olan kənd erməni işğalından azad olunsa da, sakinlər uzun illərdir mütəmadi olaraq erməni hərbçilərin atəşinə məruz qalıb.
Bu çətin yaşam tərzi ötən il Azərbaycan Ordusunun tarix yazdığı aprel döyüşlərinə kimi davam edib. Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdiyi gündən isə Mirzənağılılar rahat nəfəs almağa başlayıb. Artıq onlar üçün bütün bayramların anlamı yaxşı mənada dəyişib.
Zaman Mahmudov işğal zamanı ermənilərin yandırdığı evini Azərbaycan dövləti bərpa etdikdən sonra 6 illik məcburi köçkünlük həyatına son verib və kəndə qayıdıb. Amma evi həmişə Lələtəpə yüksəkliyindən atəşə məruz qalıb. Onun narahat gecələri isə aprel döyüşləri ilə sona yetib: "Lələtəpə yüksəkliyindən bizim həyəti vurdular. Mənim həyətimə düşdü, evim, hasarım zərər gördü. Hələlik sakitlikdir. Hər gün atışma eşidilir, lakin əvvəlki kimi bizə ziyanlıq vurmur. Lələtəpə bizim nəzarətimizdə olduğuna görə indi sakitlikdir".
Kənd sakini Bayandur Şirinovun dediyinə görə, düşmən əsgərləri kəndi Lələtəpə yüksəkliyindən açıq-aydın müşahidə etdiyindən, sakinlər uzun illər ölümlə üz-üzə yaşayıblar: "Neçə dəfə atıblar, bizim kəndə düşüb. Bizim uşaqlar minaya düşdü, ayaqları kəsildi. 2 cavan uşaq minaya düşdü, 2 qardaş ikisi də öldü. Girov düşənimiz var, şəhid olanımız var. 1994-cü ilin fevralından gəlmişəm bura. Biz 1993-cü ildə bu kəndi tərk etmişdik. Qayıtdıqdan sonra burdan heç hara getməmişik".
Hazırda kənddə 700 nəfərdən çox əhali yaşayır. Kənd sakinlərinin əsas dolanışığı əkinçilik və maldarlıqdan çıxır. Ötən illər ərzində əkin sahələri Lələtəpədən atəşə tutulduğundan, kəndlilər təsərrüfat işlərini gecələr görməyə çalışırdılar. Bu çətinliklər də artıq arxada qalıb. Dövlət tərəfindən bütün evlər bərpa olub, qaz, su, elektrik xətləri çəkilib və 24 saat fasiləsiz verilir. Mirzənağılılar inanır ki, ordumuzun növbəti həmləsində bütün torpaqlarımız erməni işğalından azad olunacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı