Azərbaycan prezidenti Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib.

 

APA TV-nin məlumatına görə, fəxri qarovul dəstəsinin qarşısından keçən Said Xan Mohmand etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

 

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin, qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu qeyd edən prezident İlham Əliyev ölkəmizin Pakistanla qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

 

Said Xan Mohmand isə Pakistan xalqı tərəfindən Azərbaycanın inkişafının bir nümunə kimi qəbul olunduğunu bildirərək, bu inkişafda Heydər Əliyevin müstəsna rolunu qeyd edib və bu uğurlu siyasətin prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

 

Səfir prezident İlham Əliyevin Pakistana səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini deyib.

 

Görüşdə ölkələrimiz arasında iqtisadi, sərmayə qoyuluşu, idxal-ixrac və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR