ABŞ-ın neftin qiymətinə təsir imkanları azalır

Birjalarda neftin qiyməti artıq ikinci həftədir ki, 55-56 dollar ətrafında stabilləşib.

 

APA TV-nin xəbərinə görə, həftənin dördüncü birja günündə "Brent" markalı neftin maksimum qiyməti 55,59 dollar olub. Səhər seanslarında qeydə alınan qiymətdə ciddi dəyişiklik yoxdur.

 

Qərbi Texas neftinin bir bareli isə 53,21 dollardan təklif olunur ki, bu da sutkalıq maksimum qiymətə yaxındır.

 

ABŞ-ın neft ehtiyatlarının həcminə dair rəsmi hesabat yenə də neftin qiymətinə mənfi təsir göstərə bilməyib. Energetika Nazirliyi ölkənin hasil olunmuş xam neft ehtiyatlarının 2,9 milyon barel artdığını açıqlayıb. ABŞ-ın xam neft ehtiyatları üçüncü həftədir artır, buna rəğmən, birjalarda "Brent" neftinin qiyməti orta hesabla 55 dollar qalmaqda davam edir.

 

Neftin qiymətinin stabilləşməsinə OPEK ölkələri arasında razılaşma ciddi təsir göstərir. Hazırda OPEk üzvləri və razılaşmaya qoşulan qeyri-OPEK dövlətləri gündəlik hasilatı 1,5 milyon barel azaltmağa müvəffəq olublar. Sazişə əsasən, ümumi hasilat 1,8 milyon barel azaldılmalıdır. Hazırda dünyada gündəlik neft hasilatı 35,5 milyon barel həddinə düşüb. Hasilatın 300 min barel də azalması qiymətləri 58-59 dollar həddinə qaldıra bilər. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR