Azərbaycan prezidenti İranın Qərbi Azərbaycan vilayətinin valisini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV xəbər verir ki, Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin ölkələrimiz, xalqlarımız və eləcə də bölgə üçün böyük önəm daşıdığını bildirib və son illər ərzində ikitərəfli əməkdaşlığımızın inkişafının məmnunluq doğurduğunu deyib.

 

Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan prezident İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin və keçirəcəyi görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini əminliklə qeyd edib.

 

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağ ölkəsində Ulu Öndərin böyük ehtiramla xatırlandığını deyib. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəvəti ilə ölkəmizə səfər etdiklərini deyən Qurbanəli Səadət Qarabağ İranın Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib və bu məqsədlə ölkəmizin müvafiq qurumları ilə görüşlər keçirəcəyini vurğulayıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR