Əziz Əliyevlə bağlı elektron resurs təqdim olundu

Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursun təqdimatı olub.

 

APA TV-nin məlumatına görə, oxu zalında həm də “Əziz Əliyev-120” sərgisi keçirilib.

 

Kitabxananın direktoru Mayıl Əhmədov Əziz Əliyevin Azərbaycanın dövlətçilik və elm tarixindəki rolundan danışıb. İxtisasca həkim olan Əziz Əliyevin tibb elminə və səhiyyə sahəsinə sanballı töhfələr verdiyini deyən Mayıl Əhmədov qeyd edib ki, yüksəlişinin qarşısını almaq üçün o, repressiyaya məruz qoyulsa da, tutduğu yüksək vəzifədən uzaqlaşdırılsa da, sonradan bəraət alıb, yenidən tibb sahəsində yeni-yeni uğurlara imza atıb. Harada işləməsindən və hansı sahəyə rəhbərlik etməsindən asılı olmayaraq Əziz Əliyev öz ölkəsinə, xalqına və sənətinə sədaqət nümunəsi göstərib: "Elektron resurs Azərbaycan və rus dillərindədir, 9 bölmədən ibarətdir. Bu bölmələrdə Əziz Əliyevin bioqrafiyası, həyat və fəaliyyətinin xronologiyası, əsərləri, digər kitabxanalardan, Dağıstan Milli Kitabxanasından, Xasavyurt şəhər Kitabxanasından göndərilmiş materiallar, eləcə də respublikamızın arxiv və kitabxanalarından toplanmış sənədlərin hamısı əldə edilib və elektron formata salınaraq istifadəçilərə təqdim edilib".

 

Əziz Əliyevin nəvəsi Tanfira Əliyeva isə babası ilə bağlı xatirələrini bölüşüb: "Stalinin rəhbərliyi vaxtı onu İrana göndərmişdilər. Bir il İranda işlədi. Sonra Stalinin rəhbərliyi ilə onu Dağıstana göndərmişdilər. 1942-ci ildən 1947-ci ilə qədər, müharibənin ən qaynar vaxtında Dağıstanın 1-ci katibi olmuşdu".


Qeyd edək ki, “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” elektron resursu yeni materiallar əldə edildikcə, daha da zənginləşdiriləcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR