Bu kənddə əkin-biçinlə gecə məşğul olurlar-REPORTAJ

Tərtərin Qapanlı kəndi ermənilərin daim hədəfində olan yaşayış məntəqələrimizdəndir.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, kəndin ərazisinin bir hissəsində qoşunların təmas xətti  yerləşir.

 

Qapanlı sakinləri sahib olduqları torpaqları becərməkdə çətinlik çəkirlər. Kənd ərazisini açıq-aydın müşahidə edən ermənilər dinc əhalini görən kimi atəşə tutur.

 

Traktorçu Alqayıt Quliyev deyir ki, bu sahələr düşmən tərəfindən açıq-aydın göründüyü üçün gündüz işləmək mümkün deyil, təhlükəlidir: "O səbəbdən əkin-biçin işləri əsasən gecə aparılır. Məni dəfələrlə atəş tutublar. Traktoruma da güllə dəyib, ayağıma da. Təhlükəli olsa da, məcburuq işləməyə. Traktor lizinqdədir. Həm evimə çörəkpulu aparmalıyam, həm camaatın işini görməliyəm, həm də çalışıb traktorun kreditini verməliyəm".

 

Bütün çətinliklərə rəğmən, kəndin 600 nəfərdən çox sakini bir-birinə dəstək olaraq yaşayır. Onlar ən çox əkin sahələrində çalışan texnikalara diqqət yönəldirlər. Çünki texnikanın səsindən traktorçu və torpaq sahibi ermənilərin açdığı atəşin səsini eşitməyə bilər. Ona görə də xüsusi işarələrlə bir-birini xəbərdar etməyi öyrəniblər. Bu işdə onlara hüquq-mühafizə orqanlarının işçiləri də dəstək olur.

 

Qarağacı kənd icra nümayəndəsi Lətif Umudovun sözlərinə görə, burda bütün işlər gecə aparılır. Təhlükəlidir. Aprel döyüşlərindən sonra isə ümumiyyətlə, çətinləşib. Ordumuza gücü çatmayan erməni hərbçilər mülki əhalini atəşə tutur. Traktorlar hamısı işıqlarını aşağıdan qoşub ki, ermənilər işığı görməsin. Amma bəzən səsə də atırlar. Bu səbəbdən kənd sakinləri traktorçuları xəbərdar etmək üçün sahədə keşik çəkir".

 

Qapanlı sakinləri bu çətinliklərə baxmayaraq, sabaha ümidlə baxır. Aprel döyüşləri isə onları daha çox ruhlandırıb. Həmin günlərdə kəndə düşən mərmilər onlarla evi dağıdıb. Evsiz qalacaqlarını düşündükləri zamanda isə dövlət onların harayına çatıb, dağılan bütün evlər yenidən qurulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR