Arıçı: "Eşşək əti satanı tuturlar, amma saxta bal satanı yox" - REPORTAJ
Qış ayları adətən qrip, soyuqdəymə, zökəmlə müşayiət olunur. Belə vaxtlarda insanlar təbii bala daha çox ehtiyac duyur. Həm dəyərli qida, həm də sağlamlıq vasitəsi kimi. Ancaq...
Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətovun sözlərinə görə, Azərbaycan arıçısı Azərbaycan bazarını 50 faiz balla təmin edə bilir: "Geridə qalan 50 faizin bir hissəsi xaricdən gəlir, digər hissəsi isə süni yolla bişirilir, hazırlanır".
Saxta balı dadan şəhər sakinlərinin də öz yoxlama üsulları var.
Bədrəddin Həsrətov saxta balın ölkədə daha çox hazırlandığını deyir: "Saxta bal deyəndə, iki cür bal nəzərdə tutmaq lazımdır. Biri var ki, şəkəri şirə halına salıb bunu arıya verirlər. Arı bunu emal edir, yuvaya yığır. Yuvasından da süzürlər. Bir də heç arı görmədən xüsusi yerlərdə bişirilən ballar var ki, təbii bala oxşadırlar. Ətir vururlar, heç nə ilə fərqlənmir ki, bu təbii baldır, ya süni baldır".
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, saxta bal şəkərdən hazırlandığı üçün maya dəyəri az olur. Ona istənilən qiyməti qoymaq olur: "Saxta bal bir qayda olaraq ucuz başa gəlir. Ancaq Azərbaycanda məhsuldarlıq aşağı olduğundan, saxta ballarla rəqabət aparıla bilmir. Saxta balların satışa çıxarılması ona gətirib çıxarır ki, təmiz balın satılmasında çətinlik yaranır. Bu da arı təsərrüfatının gələcəkdə inkişafına mane olur. Hətta arıçının bazarı tərk etməsinə gətirib çıxara bilər".
Saxta bal həm insanların sağlamlığına ziyandır, həm də ölkə iqtisadiyyatına zərbə vurur.
Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov hesab edir ki, saxta balın bu cür yayılmasının əsas səbəbləri əhalinin təbii bala olan ehtiyacının ödənilməməsi və işbazlara qarşı mübarizənin aparılmamasıdır: "Eşşək əti satan adamı tutub ifşa edirlər, ət yandırılır. Amma saxta bal satanların nə qarşısı alınır, nə əlindən balı alınır, nə cərimə olunurlar. Heç bir maneə yoxdur".
Marketlərdə, yarmarkalarda saxta balların satılması, alıcıların aldanması yerli bala inamı azaldır. Bəzi arıçılar buna görə Kənd Təsərrüfatı Nazirliyini günahlandırır. Nazirliyin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev isə yarmarkaya gələn balın iki mərhələdə yoxlandığını bildirir: "Laborant ancaq dörd rəqəmli kod görür nümunənin üzərində. Balın nüfuzunun bərpa olunması bizim qarşımızda duran bir nömrəli prioritetdir. Bu il daha çox yeniliklərimiz olacaq".
Ekspertlər deyir ki, təmiz balı yalnız iki nəfər doğru bilir: arıçı və laborant. İstehlakçıların istifadə etdiyi yoxlama üsulları ilə təbii balı saxta baldan seçmək mümkün deyil. Odur ki, bal alanda diqqətli olun!
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı