Yaxalanan ev oğrusu: "Belə də, brat, aşağı-yuxarı xərclədim"

Sadiq Heybətov dostunun evindən oğurluq edib. Özü də tək yox. Ona bu işdə Röyal Kərimli və Aslan Mikayılov da kömək edib.

 

Axşam evə gələn Samir Ulubəyov 10-cu mərtəbədəki mənzilində otaqlardan birinin divarına quraşdırdığı dəmir seyfin yoxa çıxdığını görüb təşvişə düşür. Çünki əldən gedən təkcə seyf olmayıb. Onun içində 39 900 dollar və 30 min avro olub.

 

Sadiq Heybətov Samir Ulubəyovla uşaqlıq dostu olduğunu bildirib: "Uşaqlıq dostum olub, bir yerdə böyümüşük. Yayda evdə təmir gedəndə seyfi görmüşdüm".

 

Röyal Kərimli hadisəni belə təsvir edib: "Sadıq pusquda durdu. Mən isə 11-ci mərtəbədən 10-cu mərtəbəyə kəndirlə düşdüm. Linglə seyfi çıxartdım. Sadıqı çağırdım, getdik seyfi açdıq. Pulları aramızda böldük".

 

Nərimanov RPİ-nin sonuncu saxladığı dəstə üzvü isə Aslan Mikayılovdur. Sürücü funksiyasını daşıyan Aslan hadisə vaxtı atasına məxsus maşından istifadə edib: "Evə necə giriblər, necə çıxıblar, mənim xəbərim olmayıb. Mənim işim maşın sürmək olub. Düşüblər aşağı, miniblər maşına, sürüb getmişəm. Sonra pulu üç yerə bölmüşük".    

 

İstintaqla müəyyən olunub ki, bir həftə ərzində ən çox pul xərcləyən də məhz Aslan olub. Onun payına düşən 13 300 dollar və 10 min avrodan, demək olar, 5-6 min dollar qalıb. Dəqiq hara və kimə xərclədiyini bilməsə də, Lənkərandakı uşaq evinə və Maştağadakı Ruhi Əsəb Dispanserinə sovqat göndərdiyini xatırlayır: "500 manatlıq ət aldım, uşaq evinə xərc çəkdim. İndi də yadımdadır, qabağıma bir uşaq çıxdı. Adı Məhəmməd idi. Belə də, brat, aşağı-yuxarı xərclədim".      

 

Faktla bağlı araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR