Ayrılan müavinətlərin taleyi məcburi köçkünlərin özlərindən asılı olacaq - MÖVQE

Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət proqramının icrası davam etdirilir.

 

APA TV-nin xəbərinə görə, 1994-cü ildən başlayaraq məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət Azərbaycan prezidentinin fərmanı ilə artırılıb.

 

Fərmana əsasən, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.

 

Millət vəkili Fəttah Heydərov hesab edir ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu qəbildən olan soydaşlarımızın hər zaman prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir: “Azərbaycan prezidenti bütün sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Lakin cənab prezidentin məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir”.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, fərmanın mahiyyəti ondan ibarətdir ki, ayrılan müavinətlərin taleyi qaçqın və məcburi köçkünlərin özlərindən asılı olacaq: “Pul onların kartına oturulacaq, yaxud nağd şəkildə veriləcək, bu, artıq prinsipial deyil. Əsas odur ki, birbaşa özlərinə veriləcək”.

 

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin fikrincə isə, fərmanla qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha dəqiq mexanizmlə təmin olunacaq, daha da güclənəcək və sosial müdafiənin ünvanlılıq prinsipi təmin olunacaq: "Vəsait itkisinin qarşısı alınacaq, mexanizmlər sadələşəcək və hər bir qaçqın, məcburi köçkün ona ayrılan vəsaiti özünə uyğun şəkildə istifadə etmək imkanı qazanmış olacaq".

 

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin davam etdirilməsi bu kateqoriyadan olan insanlar tərəfindən də yüksək qiymətləndirilir:

 

- Çox vaxtında və yerində verilmiş bir qərardır, razıyam. Bundan sonra hər kəs öz kommunal xərclərini ödəyəcək.

 

- Razıyıq, ona görə ki,  qənaət rejimi ilə hara nə ödəyəcəyimizi biləcəyik. Bu, həm da sosial vəziyyətimizin yaxşılaşmasına yardımçı olacaq.

 

- Əgər bir yataqxanada bir qaz plitəsindən beş nəfər istifadə edirsə, bu necə müəyyənləşəcək? Bu məsələ də aydınlaşsa, nə edəcəyimizi bilərik.

 

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bu fərman kommunal xidmətlər üzrə müvafiq dövlət qurumlarının fəaliyyətini sağlamlaşdıracaq: “Bu baxımdan yeni qaydalar vacibdir. Çünki aparılan monitorinqlər göstərir ki, bəzi hallarda dövlət qurumlarında itkilər daha çox olurdu, qeyri-qanuni xətlərlə kommunal xidmətlər satılırdı. Xüsusilə nəzərdə tutulan limit mexanizmindən süni istifadə olunurdu”.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR