Komitə sədri: “Sənədsiz evlərin sənədləşdirilməsi üçün müraciət edilməlidir”

"Bakıda və Abşeron yarımadasında qanunsuz tikilən evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunur. Ancaq bu tikililər rəsmiləşdirilməyib”.

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

 

O, qanunsuz tikililərlə bağlı problemin əsas səbəbini də açıqlayıb: “Çünki bələdiyyə bilməyib ki, torpaq ona, yaxud başqa bələdiyyəyə məxsusdur. Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb. Bələdiyyənin ərazisi dəqiqləşdirilib, xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yoxsa yox".

 

Komitə sədri bələdiyyələrin xəritələrinin əksəriyyətinin hazırlanaraq Milli Məclisin Reyestr Xidmətinə verildiyini nəzərə çatdırıb: “Ümumilikdə 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikə bilərlər”.

 

“Qanunsuz tikililərlə bağlı sənədləşmə problemi bir il əvvəl Azərbaycan prezidentinin imzaladığı fərmana əsasən tədricən həllini tapacaq” deyən A.Rəhimzadə bildirib ki, bəzi evlər neft torpaqlarında tikilib: “Məsələn, bu evlər tikilməzdən öncə layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Yəni Azərbaycan prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq, sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir. Bu məsələ ilə bağlı müxtəlif məqamlar var. Hər bir konkret hal üzrə konkret həll variantı olacaq”.

 

Müvafiq icra hakimiyyəti ilə tikinti layihəsi razılaşdırılmayan evlərə gəlincə, A.Rəhimzadə bu hallarda qanunvericiliyin tələblərinin pozulduğunu söyləyib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR