Suriya müxalifəti Astana sənədini imzalamaqdan imtina etdi
Suriya ilə bağlı Qazaxıstanın paytaxtı Astanada keçirilən iki günlük görüşdə razılıq əldə olunub.
APA TV-nin məlumatına görə, Türkiyə, Rusiya və İran Suriyada atəşkəsin üçlü ortaq mexanizmlərin izləmə və tətbiqinə dair razılaşıb.
Görüşü izləyən TRT-nin müxbiri Fatih Orukun APA TV-yə verdiyi məlumata görə, Suriya müxalifətinin görüşdə əsas tələblərindən biri nəzarətlərində olan bölgəyə göndərilən humanitar yardımın təhlükəsiz çatdırılmasının təmin edilməsi olub: "6 illik fasilədən sonra Suriya müxalifəti və hökumət nümayəndələri bir masa arxasında əyləşib. Toplantının mətbuata qapalı keçən hissəsində müxalifət rejimlə üz-üzə görüşməyəcəklərini bildirib. Toplantının keçirildiyi məkanda müxalifət bir tərəfdə, rejim bir tərəfdə durdu. Türkiyə, Rusiya, İran, Qazaxıstan əvvəlcə müxalifət, sonra rejim nümayəndələri ilə görüşdülər. Buna görə də 4 ayrı görüş keçirildi".
Türkiyə və Rusiyanın təşəbbüsü ilə keçirilən görüş barədə məlumat verən BMT-nin Suriya üzrə təmsilçisi Stefan de Mistura bildirib ki, nəticədən o qədər də uzaq deyillər: "Çünki bu, sadəcə, bir sənəd deyil, düşmənçiliyə son qoyulması ilə bağlıdır. Bu isə Suriyada insanların həyatı mənasını verir".
Suriya müxalifətinin Astana danışıqlarında iştirak edən nümayəndələri barışıq üzrə təminatçı ölkələrin hazırladığı yekun kommünikeni imzalamaqdan imtina ediblər. Bu barədə nümayəndə heyətinin üzvü Yəhya əl-Aridi bildirib. O deyib ki, Rusiya, Türkiyə və ola bilsin ki, İran yalnız öz adlarından sənəd yayacaq.
Qeyd edək ki, Astanada Suriya məsələsi üzrə danışıqlar yanvarın 23-də başlayıb. Danışıqlarda Rusiya, Türkiyə, İran və BMT nümayəndələri, həmçinin Suriya müxalifətinin və hökumətinin nümayəndələri iştirak edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı