Səlim Müslümov: "Pensiyaçılar fevral ayından artımı hiss edəcəklər"

"Bildiyiniz kimi, prezident İlham Əliyev minimum əmək haqqının məbləğini 105 manatdan 116 manatadək artırıb. Biz hazırkı dövrün bizim müxtəlif kateqoriyadan olan işləyənlərə təsirini hesablamışıq". APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bu artım 145 min adama şamil ediləcək.

 

"Hazırda bizim elektron informasiya bazasında əmək müqaviləsi qeydiyyatdan keçmiş təqribən 71 min nəfər var ki, onların əmək haqları 105 manatın altında görünür. Sual oluna bilər - ölkədə minimum əmək haqqı 105 manatdırsa, necə olur ki, bunların əmək müqaviləsində 105 manatdan aşağı göstərir? Bu onların ya yarımştatda, ya da saat hesabında çalışması ilə bağlıdır. Bütün hallarda onların da əmək haqlarına bu aid ediləcək" - deyə nazir qeyd edib.

 

Nazir bildirib ki, artımın şamil olunduğu şəxslərin illik gəlirlərinin 40,3 mln. manata qədər artacağı gözlənilir. Pensiyaların sığorta hissəsinin artırılması prosesi isə pensiyaçıların 94%-inə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq. Vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan, bu artımların məbləğləri də fərqli olacaq. Pensiyaçılar fevral ayından etibarən bu artımı hiss edəcəklər: "Yanvar ayının artımı da fevral ayında fevral ayının artırılmış pensiyalarla birlikdə onlara ödəniləcək. Başqa sözlə desək, fevral ayında pensiyaçılarımıza əlavə olaraq 20,4 milyon manat vəsait ödəniləcək. 10,2 milyon manat yanvar ayınınkı, 10, 2 milyon manat da fevral ayının artımı". 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR